Ukraynanın Kiyev vilayətinin Buça rayonuna Rusiya hərbçiləri tərəfindən genişmiqyaslı hücumun fəsadlarının aradan qaldırılması davam edir.
"Report"un məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində 38 nəfər ölüb, aralarında iki uşaq olmaqla, 20 nəfər yaralanıb, daha 4 nəfər itkin düşüb.
"Buça rayonunun Mila kəndində Rusiyanın hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edir. Xilasedicilər yanğınların əksəriyyətini söndürüblər. Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerində gecə-gündüz işləyir, partlayış təhlükəsi olan predmetləri müəyyən edir və zərərsizləşdirirlər. Ərazidə çirklənmənin miqyası əhəmiyyətlidir və bu iş davam edəcək...", - paylaşımda bildirilir.
Ukrayna liderinin sözlərinə görə, Rusiya qoşunları mülki infrastruktura reaktiv dronlarla hücumu davam etdirir.
"Ümumilikdə, təkcə bu həftə Rusiya Silahlı Qüvvələri (Ukrayna ərazisinə - red.) təxminən 2 000 hücum dronunu, 1 600-dən çox hava bombası və Şimali Koreyanın ballistik raketləri də daxil olmaqla, müxtəlif tipli 31 raket atıb. Zərbələr cəbhə xətti və sərhəd icmalarına - Nikopol, Kramatorsk, Xerson və Xarkov, Zaporojye, Dnepr, Donetsk və Sumı bölgələrindəki icmalara faktiki olaraq gecə-gündüz həyata keçirilir", - o, aydınlıq gətirib.
Zelenski həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə hər bir zərbəsinə cavab verəcək.

Şərhlər