Ötən gecə ərzində Rusiya qüvvələri Kiyev şəhəri və Kiyev vilayətinə genişmiqyaslı raket və pilotsuz təyyarə hücumu həyata keçirib.

“AzPolitika” xəbər verir ki, hücum nəticəsində dağıntılar və xeyli sayda insan tələfatı baş verib. Bu barədə Ukrayna mediasında məlumat və görüntülər yayımlanıb.

Kiyev Şəhər Dövlət Administrasiyasının və Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Kiyevdə artıq üçü uşaq olmaqla səkkiz nəfər həlak olub, beş nəfər yaralanıb.

Paytaxtdakı mülki infrastruktur və yaşayış binalarına zərbələr endirilib. Xüsusilə, Darnitski rayonuna hücum iki yerdə yanğına səbəb olub. Yeddi nəfər ölüb, bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Başqa bir ünvanda isə partlayış dalğasından bir uşaq da daxil olmaqla iki nəfər yaralanıb.

Qolosevski rayonunda qeyri-yaşayış binasına zərbə endirilib, bir nəfər ölüb.

Solomyanski rayonunda isə pilotsuz təyyarə yaşayış binasına dəyib və dağıntılara səbəb olub. İki uşaq da daxil olmaqla dörd nəfər yaralanıb.

Ukrayna Dəmir Yollarının İdarə Heyətinin sədri Aleksandr Pertsovski Rusiyanın bir depoya zərbə endirdiyini, nəticədə altı dəmir yolu işçisi də daxil olmaqla yeddi nəfərin öldüyünü və daha bir nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Kiyev vilayəti də gecə ərzində böyük raket və pilotsuz təyyarə hücumuna məruz qalıb, düşmən mülki obyektləri və yaşayış binalarını hədəf alıb.

Borispolda hücum nəticəsində beşmərtəbəli yaşayış binasına ziyan dəyib. Binadan 48 nəfər təxliyə edilib, bir uşaq da daxil olmaqla səkkiz nəfər yaralanıb.

Bundan əlavə, yaxınlıqdakı dayanacaqda avtomobillər yanıb.

Borispolda bir müəssisəyə də ziyan dəyib. Bir nəfərin öldüyü, digərinin isə yaralandığı bildirilir.

“AzPolitika.info”