Menu

Sançes Rusiya və İsraili ittiham etdi – Saxta məlumatlar yayıblar

01.09.2026, 12:20
Sançes Rusiya və İsraili ittiham etdi – Saxta məlumatlar yayıblar

İspaniyanın Baş naziri Pedro Sançes iyulun sonunda ölkənin Şimali Afrikadakı anklavı olan Seuta şəhərində yaşanan kütləvi miqrasiya böhranına görə Rusiya və İsraili dezinformasiya yaymaqda ittiham edib.

"AzPolitika" xəbər verir ki, "Cadena SER" radiosuna müsahibə verən Sançes İspaniya Ali Məhkəməsinin dəniz yolu ilə ölkəyə gələn şəxslərin dərhal geri qaytarılmasını qadağan etməsindən sonra sosial şəbəkələrdə kütləvi saxta məlumatların yayıldığını bildirib. Baş nazirin sözlərinə görə, bu dezinformasiyalarda İspaniyaya sənədsiz və yoxlanışsız daxil olmağın çox asanlaşdığı iddia edilib.

Sançes bu dezinformasiya kampaniyasının arxasında Rusiya, İsrail və "aşırı sağçı beynəlxalq hərəkatların" dayandığını önə sürüb. O, bu qüvvələrin hökumətin birbaşa göstərişi ilə hərəkət edib-etmədiyini tam bilmədiyini desə də, İspaniyanın Qəzza zolağı və digər beynəlxalq məsələlərdəki müstəqil mövqeyinin bu ölkələri narahat etdiyini vurğulayıb.

Sançesin açıqlamalarını İsrail tərəfi təkzib edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərin sualına qısaca "Xeyr, Rusiyanın bu böhranla heç bir əlaqəsi yoxdur" cavabını verib.

İyulun sonunda Mərakeş ərazisindən minlərlə miqrant dəniz yolu ilə İspaniyanın Seuta anklavına daxil olmuşdu. Hərbi birləşmələrin və hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra miqrantların böyük hissəsi ərazini tərk etsə də, hazırda bir neçə min miqrant hələ də Seutada qalmaqdadır.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol