Ali Məhkəmədə vergi ödəməkdən yayınmada təqsirləndirilən E.Əliverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"AzPolitika" Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
İş materiallarına görə, E.Əliverdiyev fiziki şəxs kimi vergi ödəyicisi qismində qeydiyyatda olan kürəkəni S.S.-in (adı, soyadı şərtidir) VÖEN-indən istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Belə ki, o, Xaçmaz rayonunun Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Gold market” adlı mağazada sahibkarlıq fəaliyyəti həyata keçirib.
E.Əliverdiyev 2018-2019-cu illərdə vergi qanunvericiliyinin tələblərini pozaraq vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edib, bəzi hallarda isə bəyannamələri təqdim etməyib. Nəticədə ümumilikdə 292 196,64 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Məhkəmə materiallarında göstərilir ki, E.Əliverdiyev 2018-ci ilin IV rübü üzrə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergini 5 500,43 manat az hesablayıb. 2019-cu ilin I rübü üzrə 374,97 manat, II rübü üzrə 544,40 manat, III rübü üzrə 523,99 manat və IV rübü üzrə 757,99 manat artıq hesablamalar aparılıb.
Beləliklə, 2019-cu il üzrə sadələşdirilmiş verginin 2 201,35 manat artıq hesablanması nəticəsində ümumilikdə 3 299,08 manat sadələşdirilmiş verginin az ödənilməsinə səbəb olub.
Bundan başqa, 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsinin təqdim edilmədiyi və nəticədə 4 057,55 manat mənfəət vergisinin dövlət büdcəsinə ödənilmədiyi müəyyən edilib.
İş üzrə daha böyük məbləğ isə əlavə dəyər vergisi ilə bağlı olub.
Məhkəmə materiallarına əsasən, həmin sahibkarlıq fəaliyyəti dövründə vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan çox olduğundan E.Əliverdiyev ƏDV məqsədləri üçün qeydiyyata alınmalı olduğu halda bu öhdəliyi yerinə yetirməyib. Nəticədə 2018-ci ilin dekabrından 2019-cu ilin dekabrınadək olan dövr üzrə müxtəlif aylarda ƏDV hesablanmayıb.
Hesablamalara görə, hər ay üzrə 21 910,77 manat ƏDV-nin az hesablanması nəticəsində ümumilikdə 284 840,01 manat ƏDV-nin dövlət büdcəsinə ödənilməsindən yayınılıb.
Sadələşdirilmiş vergi və mənfəət vergisi üzrə müəyyən edilmiş məbləğlər də nəzərə alınmaqla, dövlət büdcəsinə ödənilmədiyi müəyyən olunan vergilərin ümumi məbləği 292 196,64 manat təşkil edib.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə E.Əliverdiyev Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ona verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət alıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs – mülki iddiaçı apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilib, Xaçmaz Rayon Məhkəməsinin bəraət hökmü ləğv olunub. E.Əliverdiyev Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhkəmə həmçinin E.Əliverdiyevin əvvəllər şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı ümumilikdə 1 ay 3 gün müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxıb.
Beləliklə, E.Əliverdiyevin üzərində qəti olaraq 3 il 4 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Eyni zamanda məhkəmə mülki iddianı da təmin edib. Qərara əsasən, E.Əliverdiyevdən 292 196,64 manat pul tutulularaq dövlət büdcəsinə –İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsinin hesablaşma hesabına ödənilməlidir.
Daha sonra Salyan Rayon Məhkəməsinin qərarı ilə E.Əliverdiyev barəsində amnistiya tətbiq olunub. Qərara görə, Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb.

Şərhlər