Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın son dövrlərdə tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda Ermənistan iqtisadiyyatını dəstəkləmək məqsədilə erməni malları üçün müvəqqəti ticarət sərbəstləşdirməsi tədbirlərini qəbul edib.

“AzPolitika” xəbər verir ki, Aİ Şurasının rəsmi saytında yer alan bəyanata əsasən, yeni qaydalar Ermənistandan Avropa İttifaqına edilən ixracatın təxminən 80 faizini gömrük rüsumlarından azad edəcək.

Avropa Komissiyasının təklifi dəyişiklik edilmədən təsdiqlənib. Avropa Parlamentinin də sentyabr sessiyasında sənədi eynilə qəbul edəcəyi və qərarın Aİ-nin Rəsmi jurnalında dərc olunduqdan dərhal sonra qüvvəyə minəcəyi gözlənilir.

İki il müddətinə nəzərdə tutulan ticarət güzəştləri aşağıdakı sahələri əhatə edir:

-Ermənistanın təzə meyvə, tərəvəz və bitki ixracının 99%-i;

-İxrac olunan içki məhsullarının 91%-dən çoxu;

-Digər sanitar və sənaye malları, yəni ümumi ixracın 80%-ə yaxını.

Bununla belə, Aİ daxili bazarını və öz istehsalçılarını qorumaq üçün müəyyən mühafizə mexanizmləri də saxlayıb. Əgər Ermənistandan idxal Aİ istehsalçılarına mənfi təsir göstərərsə, qoruyucu tədbirlər işə düşəcək.

Qərarda qeyd olunur ki, bu addım yalnız Rusiyanın məhdudiyyətlərinə qarşı İrəvana dəstək deyil, həm də Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişi (CEPA) çərçivəsində Aİ-Ermənistan əlaqələrini dərinləşdirmək məqsədi daşıyır.

Güzəştlərin qüvvədə qalması üçün Brüssel İrəvanın qarşısına konkret şərtlər qoyub:Mənşə qaydalarına riayət edilməsi, Aİ ilə inzibati əməkdaşlığın davam etdirilməsi, Aİ-dən gələn mallara yeni ticarət məhdudiyyətlərinin qoyulmaması, demokratik prinsiplərə, qanunun aliliyinə və insan hüquqlarına hörmət edilməsi.

Xatırladaq ki, Rusiya bu ilin may ayından etibarən İrəvanda Ukrayna Prezidentinin də qatıldığı Avropa sammitlərindən sonra Ermənistandan kənd təsərrüfatı, balıq, süt məhsulları, içki və çiçək idxalına tədricən qadağalar qoymağa başlamışdı. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyul ayında İrəvana səfəri zamanı bu güzəştli gömrük rejiminin anonsunu vermişdi.

Rasim Əliyev

“AzPolitika.info”