Bişkəkdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin mərkəzində dayanan əsas mövzulardan biri Ukraynadakı müharibə və onun qlobal təsirləri olub. Sammit çərçivəsində dünya liderlərinin səsləndirdiyi bəyanatlar fonunda Ukrayna böhranı ətrafında diplomatik gərginliyin yeni mərhələyə qədəm qoyduğu müşahidə edilir.
Xəbər verdiyimiz kimi, Hindistanın baş nazir Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşündə Ukraynadakı hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib. O, qlobal ictimaiyyətin artıq uzun sürən müharibələrdən yorulduğunu açıq şəkildə dilə gətirib:
“Namınıza lazım olan sonsuz müharibə deyil, müharibənin sonudur. Müharibənin davam etdiyi hər gün bəşəriyyəti mahiyyət etibarilə bir addım geri atdırır. Sülhə doğru atılan hər bir addım isə bütün bəşəriyyətə real sülh ümidi verir. Biz sonsuz müharibədən hərbi əməliyyatların sonuna keçməliyik”, – deyə Modi vurğulayıb.
Vladimir Putin isə sammitdəki açıqlamalarında Rusiyanın guya Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində hərəkət etdiyini iddia edib. Lakin beynəlxalq agentliklərin və analitiklərin qiymətləndirmələri bu bəyanatların reallığı əks etdirmədiyini göstərir.
"Bloomberg" agentliyinin Kremlə yaxın mənbələrinə istinadən yaydığı məlumata görə, rəsmi Moskva əslində sülh danışıqlarının dalana dirəndiyini əsas gətirərək hərbi eskalasiyanı daha da gücləndirməyə hazırlaşır. Ekspertlər qeyd edirlər ki, Putin artıq ukraynalıların təslim olmayacağını və mübarizəni davam etdirəcəyini başa düşüb. Eyni zamanda, Qərbin dəstəyinin davam etməsi və ABŞ-nin mümkün vasitəçilik səylərindən yaranan məyusluq Moskvanı uzunmüddətli qarşıdurma xəttinə bağlayıb.
Sammitdə Çin Xalq Respublikasının Sədri Si Cinpin də Ukrayna məsələsinə toxunaraq, dünya nizamı üzərində hələ də “müharibə dumanı”nın qalmaqda olduğunu bəyan edib. Hər nə qədər Kremlin sözçüsü Dmitri Peskov Putinlə Si Cinpinin Ukrayna müharibəsini yalnız “təsadüfən, qısaca” müzakirə etdiyini iddia etsə də, qlobal təhlükəsizlik arxitekturasının bu məsələdən ayrı təsəvvür edilməsi qeyri-mümkündür.
Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində Vladimir Putinlə görüşərək Ukrayna böhranının həlli ilə bağlı yenidən vasitəçilik təkliflərini gündəmə gətirməyi planlaşdırıb. Ankara tərəfləri yenidən danışıqlar masasına qaytarmaq üçün diplomatik səylərini azaltmır.
Analitiklər hesab edirlər ki, Rusiya rəhbərliyi üçün bu cür təşkilatlar və sammitlər Qlobal Cənub ölkələrinin dəstəyini təmin etmək və daxili auditoriyaya hələ də beynəlxalq arenada təcrid olunmadığını göstərmək üçün mühüm alətdir. Lakin Narendra Modinin birbaşa və sərt tənqidi göstərir ki, Rusiyanın ənənəvi tərəfdaşları belə artıq davam edən qanlı müharibənin qlobal iqtisadiyyata və bəşəriyyətə vurduğu zərərdən narahatdırlar və hərbi əməliyyatların bitməsində təkidlidirlər.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər