Ötən gecə Ukrayna Silahlı Qüvvələri Soçidəki Rosneft-Kubannefteprodukt neft bazasına hücum edib

AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumat və baş verən yanğınla bağlı görüntülər yayımlanıb. Yanğının hələ də davam etdiyi bildirilir. 

Həmçinin, Ukrayna dronları Soçi şəhərinə və Sirius yaşayış məntəqəsinə hücum təşkil edib. Yanğın baş verən neft bazası ilə birgə bir neçə yaşayış binasına da ziyan dəyib. İlkin məlumata görə, itki yoxdur. 

Soçi meri Andrey Proşunin neft bazasında baş verən yanğını təsdiqləyib.

Ukraynanın "Exilenova+" monitorinq kanalının məlumatına görə, dronlar "Rosneft"ə məxsus Adler neft anbarını hədəf alıb.

Siriusda “Astra” kanalının məlumatına görə, dronlar S-300 və ya S-400 zenit-raket sistemlərini vurub

Vladimir Putinin yay iqamətgahı olan "Boçarov Ruçey" Siriusdan və hücuma məruz qalan neft anbarından bir neçə kilometr məsafədə yerləşir. Lakin Putin 2025-ci ildən bəri bu iqamətgaha baş çəkməyi dayandırıb.

Həmçinin dünən gecə Ukrayna dronları Başqırdıstanın Sterlitamak şəhərinə hücum edib. Ukraynanın “Supernova+” monitorinq kanalının məlumatına görə, hədəf Avanqard müdafiə zavodu olub. O, partlayıcı maddələr və sursat istehsalında ixtisaslaşıb. Yerli hakimiyyət orqanları dron hücumu ilə bağlı heç bir şərh verməyib.

Bundan əlavə, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, gecə ərzində Moskvaya yaxınlaşan 35 dron vurulub. Bu fonda Rosaviasiya ardıcıl üçüncü gecədir ki, Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Jukovskidə təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər elan edib. Əvvəlki günlərdə dron təhlükəsi səbəbindən Moskvanın hava limanlarında onlarla uçuş ləğv edilib və bir neçə yüz uçuş təxirə salınıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son gecə ərzində Rusiya qüvvələri 19 bölgədə, eləcə də ilhaq edilmiş Krım və Qara dənizdə 490 dron vurub.

AzPolitika.info