ABŞ Səhiyyə Katibi Robert Kennedi (Robert F. Kennedy Jr.) və Müdafiə Naziri Pit Heqset (Pete Hegseth) COVID-19-a qarşı məcburi peyvəndlənmə nəticəsində amerikalı hərbi qulluqçuların ehtimal edilən ölüm hallarını araşdırmağa başlayıblar.
"AzPolitika" xəbər verir ki, bu barədə "Politico" nəşri hərbi həkim Tereza Lonqun (Teresa Long) məhkəmədəki ifadəsinə istinadla məlumat yayıb.
"Virciniya ştatının federal məhkəməsində çıxış edən hərbi həkim bildirib ki, o, Səhiyyə Naziri Robert Kennedi və Müdafiə Naziri Pit Heqsetlə birgə işləyir. Araşdırmanın məqsədi keçmiş prezident Co Baydenin 2021-ci ildə tətbiq etdiyi məcburi peyvəndlənmə qərarından sonra hərbi qulluqçuların COVID-19 peyvəndləri səbəbindən həyatını itirib-itirmədiyini müəyyənləşdirməkdir", — deyə nəşr qeyd edir.
İstintaqda iştirak edən həkim Tereza Lonq bildirib ki, o, Vaksinlərin Əks Təsirləri barədə Məlumat Sistemində (VAERS) qeydə alınmış 2,5 mindən çox təsdiqlənməmiş hərbi ölüm hesabatını araşdırır. Həkim, həmçinin peyvəndlərin fəsadları səbəbindən baş verdiyi iddia edilən 28 ölüm halı haqqında şəxsən məlumata malik olduğunu əlavə edib.
Qeyd edək ki, 2021-ci ildə ABŞ-də Prezident Co Baydenin qərarı ilə dövlət qulluqçuları və hərbi heyət üçün məcburi peyvəndlənmə tətbiq olunmuşdu. Bu tələbə əməl etmədiyi üçün təxminən 9 min nəfər ABŞ Silahlı Qüvvələrindən xaric edilmişdi. Sözügedən məcburi peyvənd tələbi 2022-ci ildə Konqres tərəfindən ləğv olunub.
E. Səlimov
AzPolitika.info

Şərhlər