Menu

“Atamın müqaviləsinə müddəti başa çatmamış xitam verildi” - VİDEO

07.09.2026, 15:25
“Atamın müqaviləsinə müddəti başa çatmamış xitam verildi” - VİDEO

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur.

“AzPolitika” "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 il fəaliyyət göstərib: “İki il əvvəl atamın 65 yaşı tamam olur, təqaüdə çıxdığı zaman Mərkəzi Xəstəxananın baş həkimi atamla əlaqə saxlayır və bildirir ki, “doktor, bizdə kadr çatışmazlığı var. Siz də uyğun bilirsinizsə, qalıb fəaliyyətinizi davam etdirə bilərsiniz”. Sağ olsun, atamın fəaliyyətini yüksək qiymətləndirir.

Atam da bu təklifi qəbul edir və müqavilə əsasında öz fəaliyyətinə davam edir. İki il ərzində Mərkəzi Xəstəxanada rəhbərlik dəyişilir və İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev atamla əlaqə saxlayır. Deyir ki, “doktor, artıq qaydalar dəyişib. Əgər fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, mənim dediyim qaydalarla addımlamaq lazımdır” və bununla da atamın qarşısına müəyyən şərtlər qoyur.

Atam bu şərtləri qəbul etməyincə, Elbəy Fətəliyev altdan-altdan öz işini görür, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir, baş həkimə yalan məlumatlar ötürür və atamın müqaviləsinin bitməsinə 6 ay qalmış xitam verir”.

A.Məmmədzadə həmçinin müqaviləyə xitam verilərkən Əmək Məcəlləsinin tələblərinə əməl olunmadığını iddia edib:

“Yanlış maddə ilə atamı işdən çıxarır, həkimi manipulyasiya edir, psixoloji təzyiq göstərir, heç bir prosedura riayət etmir. Qeyri-etik davranaraq bu prosesləri tamamlayır. Sözün düzü, söhbət mənim atamdan və ya hər hansı bir həkimin əmək müqaviləsindən getmir. Həkimin müqaviləsini dayandırmaq da normaldır, yəni qanun çərçivəsində ona xitam vermək də normaldır. Amma bunu niyə etmək? Hansı səbəbdən etmək? Hansı şərtlər altında etmək çox-çox vacibdir.

Düşünürəm ki, Elbəy Fətəliyevin bu addımı bütün həkimlərə karşı, həkimlik peşəsinə qarşı çox böyük hörmətsizlikdir. Həqiqətən mənə çox maraqlıdır ki, 40 ilini səhiyyə sahəsinə fəda verən bir həkimə qarşı Elbəy Fətəliyev bu cür davranırsa, o zaman o, yeni həkimlərə qarşı necə davranır, həqiqətən mən anlaya bilmirəm”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, Aslan Məmmədzadə TƏBİB-ə dəvət olunub və müraciəti dinlənilib: 

“Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışan, pensiya yaşına çatmış 67 yaşlı həkim-otorinolarinqoloq Etibar Məmmədovun əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin və müqavilənin tələblərinə uyğunluğu yoxlanılacaq və nəticə barədə məlumat veriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol