İran dəniz blokadası, hərbi əməliyyatlar və ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən ciddi təzyiq altındadır. Ölkədə iqtisadi və sosial vəziyyətin daha da ağırlaşması fonunda hökumət əleyhinə etirazların başlaya biləcəyi istisna edilmir. Bir sıra beynəlxalq nəşrlər özəl mənbələrə istinadən İranda mümkün etirazların başlayacağı ilə bağlı məlumatlar yayırlar.
Bəs İranda xalqın yenidən kütləvi şəkildə küçələrə çıxması və bunun hakimiyyət dəyişikliyinə səbəb olması mümkündürmü? Belə vəziyyətdə İranı hansı ssenarilər gözləyə bilər?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, dəniz blokadası və xüsusilə Fars körfəzi ətrafındakı strateji məntəqələrə endirilən zərbələr ölkəni kifayət qədər çətin vəziyyətə salır. Bütün bunlar isə İran iqtisadiyyatına ciddi mənfi təsir göstərir:
“Görünən odur ki, ABŞ prezidenti bu addımlarla İranı zəiflətməyi düşünür. Həm sanksiyalar, həm də dəniz blokadası vasitəsilə İrana zərbə vurmaq, iqtisadiyyatı tənəzzülə uğratmaq, inflyasiyanı yüksəltmək və sosial-iqtisadi vəziyyəti ağırlaşdırmaq hədəflənir. Bununla həm İran elitasında, həm də cəmiyyətdə parçalanmalara şərait yaratmağa çalışırlar”.
Siyasi şərhçi qeyd edib ki, İranın sosial-iqtisadi problemləri hazırkı qarşıdurmadan əvvəl də mövcud olub. Ötən ilin dekabrında ölkənin müxtəlif bölgələrini əhatə edən ciddi etiraz aksiyaları bunun göstəricilərindən biri idi:
"Həmin etirazlar müəyyən müddət ərzində hakimiyyət üçün ciddi problemlər yaradıb. Lakin hökumət müəyyən tədbirlər nəticəsində aksiyaların qarşısını almağa nail olub.
ABŞ-ın təzyiq siyasətinin əsas məqsədlərindən biri də İran daxilində sosial-iqtisadi vəziyyəti daha da gərginləşdirmək, siyasi elita daxilində parçalanmaları dərinləşdirmək və cəmiyyətdə yeni etiraz dalğasının yaranmasına zəmin formalaşdırmaq ola bilər. Əgər İranda yenidən etirazlar başlasa və bu aksiyalar əvvəlkilər kimi ümummilli xarakter daşısa, bu, rejim üçün ciddi problemlərin yaranması demək olacaq”.
Ekspert xatırladıb ki, İranda müxtəlif dövrlərdə ölkənin böyük hissəsini əhatə edən etiraz aksiyaları keçirilib.
"Lakin indiyədək hakimiyyət bu aksiyaları yatırmağa və mövcud siyasi sistemi qoruyub saxlamağa nail olub.
Mövcud vəziyyətdə iqtisadi sanksiyalar və dəniz blokadası İranın sosial-iqtisadi durumunu daha da ağırlaşdıra, bunun nəticəsində isə hakimiyyətə qarşı narazılıq arta bilər. Belə olan halda cəmiyyətdə rejimə qarşı etirazların güclənməsi mümkündür. Amma bunun hakimiyyət dəyişikliyinə səbəb olub-olmayacağı problematik məsələdir. Dəfələrlə belə etiraz aksiyaları keçirilib, amma hökumət öz mövcudluğunu qoruyub”, – deyə siyasi şərhçi bildirib.
O, qeyd edib ki, bu baxımdan İranın gələcəyi ilə bağlı bir neçə fərqli ssenari nəzərdən keçirilə bilər:
"Əsas məsələ etirazların miqyası ilə yanaşı, onların hakimiyyət daxilində parçalanmaya, təhlükəsizlik strukturlarında mövqe dəyişikliyinə və siyasi elitanın parçalanmasına səbəb olub-olmayacağıdır.
Yalnız genişmiqyaslı xalq etirazlarının başlaması yox, eyni zamanda hakimiyyətin əsas dayaqları daxilində parçalanmanın yaranması İranın hazırkı hakimiyyətinin gələcəyi baxımından həlledici amil ola bilər".
Günəş Fərəh
"AzPolitika.info"


Şərhlər