Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partyanın Mətbuat xidmətindn “AzPolitika”ya verilən məlumata görə, iclasda ölkədə və dünyada baş verən sosial-iqtisadi, ictimai-siyasi məsələlər geniş müzakirə olunub, gəlinən nəticələr əsasında İdarə Heyətinin rəsmi bəyanatı qəbul edilib.

Bəyanatda bildirilir ki, ƏHD Partiyası tibb işçilərinin əməkhaqlarının artırılmasını və Nazirlər Kabinetinin Bakı Metropoliteninin Cəlil Məmmədquluzadə küçəsində yerləşən yeni stansiyasına “20 Sentyabr” adının verilməsi barədə qərarını təqdir edir.

Müəlliflər vurğulayır ki, 2023-cü il sentyabrın 20-də dövlət suverenliyinin tam bərpa edilməsi, Xankəndidə suverenliyin təmin olunması 44 günlük Vətən müharibəsindəki qələbə dərəcəsində tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, 20 sentyabr Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi”nin imzalandığı gündür.

Bu nailiyyətin tarixi çəkisini nəzərə alaraq, ƏHD Partiyası hökumətə çağırış edib: “Təzəpir məscidinin yaxınlığında yerləşən və şəhərin ən böyük istirahət məkanlarından olan Mərkəzi Park da “20 Sentyabr Parkı” adlandırılsın”.

Sənəddə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinin vacibliyi önə çəkilib. Qeyd olunub ki, ölkə üzrə yaşa görə müavinət (220 manat), minimum pensiya (320 manat) və minimum əməkhaqqı (400 manat) alan yüz minlərlə vətəndaş mövcud qiymət artımları qarşısında çətinliklərlə üzləşir.

Partiya hökuməti aşağıdakı addımları atmağa çağırıb:

-Tibb işçilərindən sonra müəllimlərin, elm xadimlərinin, hakimlərin və polis əməkdaşlarının da məvacibləri əhəmiyyətli dərəcədə artırılmalıdır;

-Artan xərcləri qarşılamaq üçün dövlət idarəetməsindəki ifrat mərkəzləşməyə son qoyulmalı və azad bazar iqtisadiyyatına keçidi təmin edən irimiqyaslı iqtisadi islahatlar aparılmalıdır.

Bəyanatda ABŞ vitse-prezidentinin və CNN-in Azərbaycanın İrana qarşı müharibədə Vaşinqtona kömək etməsi barədə iddiaları sərt tənqid edilib: “Bu açıqlamalar Azərbaycanın İranla münasibətlərini gərginləşdirmək məqsədi daşıyan təxribatdır. Azərbaycan İrana qarşı savaşda ABŞ-yə kömək etsəydi, onlar bunu açıqlamazdılar, çünki bu, sadəcə xəyanət olardı. Görünür, ABŞ İrana qarşı savaşda Azərbaycanın ona kömək etməməsindən və sanksiyalara qoşulmamasından narazı qalıb”.

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan ƏHD Partiyası artıq Azərbaycan üzərindən Ermənistana yük daşımalarının və ticarət əlaqələrinin başlanmasını nəzərə alaraq diqqətçəkən təkliflə çıxış edib. Partiya yekun sülh sazişi imzalanana qədər Rəsmi Bakının İrəvanla diplomatik əlaqələr qurmasını məqsədəuyğun hesab edir.

Bəyanatda beynəlxalq təcrübəyə də istinad olunub: 1956-cı ildə Yaponiya ilə Rusiya sülh sazişi imzalamadan diplomatik əlaqələri bərpa ediblər və bu model iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün uğurlu nümunə ola bilər.

“AzPolitika.info”