Vaşinqton yaxın günlərdə Tehrana diplomatik təzyiqi artırmağı planlaşdırır. ABŞ BMT-dən İranın “pozuntuları dərhal aradan qaldırmasını” və nüvə obyektlərinə yoxlama çıxışını bərpa etməsini tələb edən qətnamə layihəsi təklif edəcək.
"AzPolitika" bu barədə “Bloomberg”ə istinadən məlumat verir.
Agentliyin əldə etdiyi iki səhifəlik sənədin surətinə əsasən, ABŞ-nin qətnamə layihəsi İranın pozuntuları təcili həll etməsini və nüvə materiallarının təyinatından kənar istifadə olunmamasını təmin etmək üçün yoxlamalara şərait yaratmasını tələb edir. Bu planın Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin iclasında açıqlanacağı gözlənilir. Qeyd edək ki, bazar ertəsi başlayan iclas sentyabrın 11-dək davam edəcək.
“Bloomberg” vurğulayır ki, Çin və Rusiya Tehrana qarşı yeni addımları dəstəkləməyəcək.
Bu arada BAEA-nın Baş direktoru Rafael Qrossi müfəttişlərin İranın nüvə obyektlərinə daxil ola bilmədiyini təsdiqləyib.
Tehran isə davam edən hərbi zərbələr fonunda yoxlamaların bərpası çağırışlarının mənasız olduğunu bildirib. İrandan qeyd olunub ki, bölgədəki mövcud vəziyyət hələ də çox təhlükəlidir.
İranın BMT-dəki daimi nümayəndəliyi “X” sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, BAEA əvvəlcə “təcavüzkarları” – ABŞ və İsrail rejimini dinc nüvə obyektlərinə hücumları və ya təhdidləri dayandırmağa çağırmalıdır.
Bəyanatda vurğulanır ki, BMT-nin nüvə agentliyi və Təhlükəsizlik Şurası öz öhdəliklərini yerinə yetirməyənədək İranın milli maraqlarını müstəqil şəkildə müdafiə etmək hüququ var.
2025-ci ilin sentyabr ayının əvvəlində BAEA və İran tərəfi Qahirədə beynəlxalq təşkilat ekspertlərinin İrandakı fəaliyyətinin bərpası şərtlərinə dair razılıq əldə etmişdilər. Mütəxəssislərə bombardmandan zərər görməyən İran obyektlərinə baş çəkməyə icazə verilmişdi. Lakin sonradan 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində dondurulmuş BMT sanksiyaları yenidən qüvvəyə mindi. Bundan sonra Tehran İranın nüvə proqramına və əlaqəli mexanizmlərə qoyulan məhdudiyyətlər də daxil olmaqla bütün bəndlərin ləğv edildiyini bəyan etdi. Nəticədə Tehran BAEA ilə Qahirədə əldə olunmuş razılaşmaların icrasını dayandırdı.
E. Səlimov
AzPolitika.info

Şərhlər