Menu

Britaniya İsrail məskənləri ilə ticarəti qadağan etməyə hazırlaşır: İkitərəfli münasibətlərdə gərginlik

08.09.2026, 11:43
Britaniya İsrail məskənləri ilə ticarəti qadağan etməyə hazırlaşır: İkitərəfli münasibətlərdə gərginlik

Böyük Britaniya hökuməti İordan çayının Qərb sahilindəki İsrail məskənlərinə qarşı genişmiqyaslı iqtisadi məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. 

"AzPolitika" xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu addım Londonun regiondakı siyasətində köklü dönüş nöqtəsi olacaq.

Britaniyanın xarici işlər naziri Ed Miliband parlamentdəki çıxışı zamanı işğal olunmuş ərazilərdəki məskənlərdə istehsal olunan malların ölkəyə idxalına və ticarətinə rəsmi qadağa elan ediləcək. "The New York Times" və "Jerusalem Post" qəzetlərinin mənbələri isə bildirirlər ki, tətbiq olunacaq yeni paketə yalnız mal dövriyyəsinin məhdudlaşdırılması deyil, həm də tikintiyə dəstək verən şirkətlərə, eləcə də ayrı-ayrı İsrail təşkilatları və şəxslərinə qarşı sanksiyalar daxildir.

Nazir Miliband çıxışında Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllinə sadiqliyini vurğulayacaq, fələstinlilərin hüquqlarının və beynəlxalq hüququn qorunmasının vacibliyini bəyan edəcək. Eyni zamanda, onun Qəzza zolağındakı humanitar böhranı və yaranmış ədalətsizliyi indiyə qədər səslənən ən sərt bəyanatlarla qınayacağı gözlənilir.

"Opinium" şirkətinin keçirdiyi son sorğuya əsasən, britaniyalıların 46%-i İsrail məskənləri ilə ticarətin qadağan edilməsini qəti şəkildə dəstəkləyir. Bu addımın əleyhinə çıxanların nisbəti isə cəmi 18% təşkil edib.

İsraildən sərt reaksiyalar

Londonun bu planı Təl-Əvivdə kəskin etirazlarla qarşılanıb. İsrailin maliyyə naziri Bezalel Smotriç sosial şəbəkə X-dəki səhifəsində Böyük Britaniyanın səfirinin dərhal ölkədən qovulmasını tələb edib.

Daha bir sərt reaksiya isə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdən gəlib. O, hökuməti mübahisəli Malvinas adaları üzərində Argentinanın suverenliyini tanımağa və "işğal davam etdiyi müddətcə Böyük Britaniyaya qarşı cavab sanksiyaları tətbiq etməyə" çağırıb. Ben-Qvir Londonu adaları zorla ələ keçirməkdə və beynəlxalq hüququ pozmaqda ittiham edib.

Ekspertlər hesab edirlər ki, Böyük Britaniyanın bu addımı London ilə Təl-Əviv arasında diplomatik münasibətləri son illərin ən aşağı həddinə çatdıra bilər.

E. Səlimov

AzPolitika.info

Şərhlər