Menu

AZƏRBAYCANIN BÖYÜK ENERJİ PLANI... - Qarşıdakı 3 əsas addım

09.09.2026, 09:14
AZƏRBAYCANIN BÖYÜK ENERJİ PLANI... - Qarşıdakı 3 əsas addım

Azərbaycan iqtisadiyyatında neft və qaz sektorunun xüsusi çəkisi yüksək olaraq qalır və bu amil ölkənin enerji siyasətində mühüm yer tutur. Son illərdə isə bərpa olunan enerji mənbələrinin inkişafı və enerji istehsalının şaxələndirilməsi istiqamətində layihələr həyata keçirilir. Alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi uzunmüddətli perspektivdə iqtisadiyyatın neft gəlirlərindən asılılığının azaldılmasına imkan verə bilər.

Bəs Azərbaycan enerji keçidini hansı sürətlə həyata keçirir və neftdən asılılığı azaltmaq üçün daha hansı addımlar atılmalıdır? Bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin iqtisadiyyatında neftin rolunu nə dərəcədə azalda bilər?

Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban “AzPolitika”ya açıqlamasında bildirib ki, rəsmi Bakının yaşıl enerjiyə olan münasibəti “Azərbaycan neft-qazdan imtina etmir, neft-qaz gəlirlərindən istifadə etməklə enerji sistemini mərhələli şəkildə şaxələndirir” baxışı üzərində qurulub.

Onun sözlərinə görə, Azərbaycanın enerji balansında neft və qaz hələ uzun müddət mühüm rol oynayacaq: “Lakin artıq yeni mərhələ başlayıb: günəş və külək enerjisinə böyük həcmdə investisiyalar qoyulur, yeni elektrik generasiya gücləri yaradılır, enerji şəbəkəsinin modernləşdirilməsi və enerji saxlama sistemlərinin qurulması istiqamətində işlər görülür. Rəqəmlər də bunu təsdiqləyir. Azərbaycanın iqtisadi cəhətdən qiymətləndirilən bərpa olunan enerji potensialı 27 QVt, o cümlədən 23 QVt günəş və 3 QVt külək enerjisi təşkil edir. Hazırda bərpa olunan enerji mənbələri üzrə 2,07 QVt güc artıq istismardadır. 2027-ci ilədək isə 2 QVt-dan artıq yeni yaşıl enerji layihəsinin reallaşdırılması nəzərdə tutulur”.

İ.Şaban vurğuladı ki, sentyabrın 7-də Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın açılış mərasimində energetika naziri Pərviz Şahbazovun çıxışı Azərbaycanın yanaşmasını çox aydın göstərdi: “Nazir qeyd etdi ki, qalıq yanacaqlardan tələsik imtina etmək uğurlu enerji keçidi demək deyil. Elektrikləşmə, rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin inkişafı enerji tələbatını artırdığı üçün gələcəyin enerji sistemi eyni zamanda “təmiz, təhlükəsiz və dayanıqlı” olmalıdır. Bunun üçün yalnız yeni günəş və külək stansiyaları deyil, elektrik şəbəkələri, enerji saxlama sistemləri, enerji səmərəliliyi və interkonnektorlar da inkişaf etdirilməlidir”.

Ekspertin fikrincə, Azərbaycanın enerji keçidinin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, ölkə neft-qaz sektorunu zəiflətməklə deyil, onun yaratdığı maliyyə və infrastruktur imkanlarından istifadə etməklə yeni enerji iqtisadiyyatı qurmağa çalışır: “Növbəti mərhələdə isə üç istiqamət xüsusilə vacibdir. Birincisi, bərpa olunan enerjinin istehsal güclərini sürətlə artırmaqla yanaşı, elektrik şəbəkəsini və enerji saxlama imkanlarını genişləndirmək.

İkincisi, neft-qaz gəlirlərini daha böyük həcmdə qeyri-neft sektorunun, xüsusilə sənaye, logistika, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyaların inkişafına yönəltmək.

Üçüncüsü isə Azərbaycanın öz yaşıl enerjisini regional və beynəlxalq bazarlara ixrac edən ölkəyə çevrilməsidir.

Bu baxımdan Azərbaycanın qarşısında artıq yalnız daxili enerji keçidi deyil, daha böyük regional layihələr də dayanır”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol