Menu

2026-CI İLİN SEYSMİK HADİSƏLƏRİ AZƏRBAYCANA NƏ DEYİR? - Zəlzələ olacaq?

09.09.2026, 12:01
2026-CI İLİN SEYSMİK HADİSƏLƏRİ AZƏRBAYCANA NƏ DEYİR? - Zəlzələ olacaq?

Gözlə görünməyən yeraltı hərəkətlər, xəritələrdə görünən seysmik izlərə, həmin izlər isə gələcək risklərin xəbərçisinə çevrilir.

2026-cı ilin ilk səkkiz ayı Yer kürəsinin seysmik baxımdan nə qədər dinamik olduğunu bir daha göstərdi. Dünyanın müxtəlif bölgələrində baş verən güclü zəlzələlər fonunda Azərbaycanda da yeraltı proseslər öz davamlılığını qorudu. Yanvarın 1-dən avqustun 31-dək ölkədə maqnitudası 3,0 və daha böyük 74 zəlzələnin qeydə alınması Azərbaycanın seysmik fəallıqdan kənarda olmadığını göstərir. 

Bu hadisələrin 36-sının Xəzər dənizində baş verməsi isə ölkənin seysmik mənzərəsində Xəzər akvatoriyasının xüsusi yerini ortaya qoyur. İlin ən güclü hadisəsi 8 apreldə Xəzərdə qeydə alınan maqnitudası M=5,3, quruda isə 12 iyunda Qəbələdə baş verən M=5,1 zəlzələ oldu. Şamaxı, İsmayıllı, Ağsu, Quba, Qusar və Lerik bölgələrində müşahidə olunan seysmik aktivlik isə Azərbaycanın müxtəlif tektonik sahələrinin daim izlənilməsinin vacibliyini göstərir. Bu mənzərə dünyanın seysmik hadisələri ilə müqayisədə daha aydın görünür: 2026-cı ilin ilk səkkiz ayında maqnitudası M=7,0-dən daha böyük 11 zəlzələ baş verib və onların 6-sı iyun, iyul və avqust aylarına təsadüf edib.

Filippinlərdə M=7,8, İndoneziyada M=7,7, Kolumbiyada M=7,4 və Meksikada M=7,3 kimi hadisələr Yer kürəsinin müxtəlif tektonik qurşaqlarında nəhəng enerjinin hələ də toplandığını göstərən hadisələrdir. Venesuelada cəmi 39 saniyə fərqlə baş verən M=7,2 və M=7,5 zəlzələləri isə seysmik proseslərin bəzən nə qədər dinamik xarakter daşıdığını nümayiş etdirdi. Eyni dövrdə dünyada maqnitudası M=5,0 və daha böyük 40 min dən çox zəlzələnin qeydə alınması Yer qabığının fasiləsiz hərəkətdə olduğunu göstərən daha geniş mənzərəni yaradır. Türkiyədə AFAD tərəfindən qeydə alınan 26400 – dən çox hadisə də regionun yüksək seysmik fəallığını xarakterizə edən göstəricilərdən biridir.Lakin seysmologiyada zəlzələnin yalnız maqnitudası və sayı ilə kifayətlənmək qənaətbəxş sayılmır. Əsas məsələ həmin hadisənin harada, hansı geoloji şəraitdə, hansı qırılma mexanizmi ilə baş verdiyini və regional tektonik sistemdə nə ifadə etdiyinianlamaqdır.

Buradan isə daha geniş bir sual yaranır: Bu zəlzələlər niyə baş verir və biz onlardan nə öyrənə bilərik?

Daha vacib sual isə ölkəmizə aiddir: Dünyanın başqa bir yerində baş verən güclü zəlzələ bizə nə deyə bilər?

Cavabın açarı - Yer kürəsinin vahid geodinamik sistem olmasındadır.

Kolumbiya, İndoneziya, Meksika və Yaponiya kimi ölkələr bir-birindən minlərlə kilometr uzaqda yerləşir. Lakin bu ərazilərin ortaq xüsusiyyəti, onların fəal tektonik proseslərin təsiri altında olmasıdır. Burada Yer qabığının nəhəng hissələri bir-biri ilə qarşılıqlı təsirdədir.

Yer qabığı sakit görünür, amma hərəkətsiz deyil.

Gecə şəhər susur. Binalar hərəkətsizdir, küçələr sakitdir. İnsan üçün Yer möhkəm və dəyişməz görünür. Lakin səthin kilometrlərlə altında geoloji proseslər fasiləsiz davam edir. Süxurlar sıxılır, deformasiya olunur, tektonik bloklar bir-birinə münasibətdə millimetr miqyasında hərəkət edir. İnsan üçün əhəmiyyətsiz görünən bu yerdəyişmələr geoloji zaman baxımından böyük nəticələr yarada bilir.

Çünki tektonik proseslər bir günə, bir ilə və hətta bir insan ömrünə sığmır. Gərginlik uzun müddət ərzində toplanır, süxurların möhkəmlik həddi aşdıqda isə qırılma zonasında qəfil sürüşmə baş verir. Bu anda toplanmış elastik enerjinin bir hissəsi seysmik dalğalar şəklində yayılır və Yer səthində hiss etdiyimiz silkələnməni meydana gətirir.

Beləliklə, zəlzələ səbəbi ilə nəticəsi arasındakı zaman fərqinin ən kəskin göründüyü təbiət hadisələrindən biridir. Onun özü saniyələr, bəzən dəqiqələr ərzində baş verir, lakin həmin hadisəyə gətirən geodinamik proseslər onilliklər, əsrlər və daha uzun zaman ərzində inkişaf edir.

Zəlzələ harada başlayır?

Zəlzələnin başlanğıc nöqtəsi Yer daxilində, ocaq və ya hiposentr adlandırılan sahədə yerləşir. Burada qırılma səthi boyunca süxurların qəfil yerdəyişməsi ilə baş verir. Bu prosesin Yer səthindəki proyeksiyası isə episentr adlanır. Lakin zəlzələni yalnız bir nöqtə kimi təsəvvür etmək düzgün deyil. Güclü hadisə zamanı qırılma müəyyən uzunluğa malik sahə boyunca yayıla və əhəmiyyətli ölçüdə süxur kütləsini hərəkətə gətirə bilər. Zəlzələnin yaratdığı təsirin miqyası da məhz bu prosesin xüsusiyyətlərindən, ocağın dərinliyindən, qırılmanın ölçüsündən, sürüşmənin xarakterindən və yerli geoloji şəraitdən asılıdır. Bu səbəbdən maqnitudası eyni olan iki zəlzələ müxtəlif ərazilərdə eyni dərəcədə hiss olunmaya bilər. Çünki maqnituda yerin təkində ayrılan enerjinin göstəricisidir, səthdə müşahidə olunan titrəyişlər və binaların dözümlülüyü isə daha mürəkkəb geoloji faktorların təsiri altında formalaşır.Dağıntının miqyasının yaranmasının əsas faktorları aşağıdakılardır:

Məskunlaşmanın ocağa məsafəsi: Əhalinin məskunlaşdığı ərazilərin episentrindən hansı məsafədə olması.

Ocağın dərinliyi:Yerə yaxın: dayaz zəlzələlərin daha çox dağıntı törətməsi.

Qırılmanın tipi və dalğaların xüsusiyyətləri: Seysmik dalğaların yayılma mexanizminin dinamikası.

Zəlzələnin davametmə müddəti: Saniyələr dəqiqələri əvəzlədikcə binaların dözümlülük həddinin tükənməsi.

Yerli geoloji və qrunt şəraiti: Bərk süxur və ya yumşaq qruntun dalğaları gücləndirməsi.

Tikililərin keyfiyyətli və mühəndislik məsuliyyəti: Binaların seysmik normativlərə cavab verməsi.

Reallıq və Müqayisə

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatları, 2026-cı ilin avqustunda Kolumbiyada baş verən M=7,4 maqnitudalı zəlzələnin episentrdə VIII bal (MMİ şkalası üzrə) güclü silkələnmə ilə qiymətləndirdiyi halda, İndoneziyanın Flores adası yaxınlığında daha güclü, Mw=7,7 maqnitudalı zəlzələ də eyni balla qiymətləndirmişdir.

Digər tərəfdən, İndoneziyada baş vermiş M = 6,9 maqnitudalı başqa bir zəlzələ MMİ şkala üzrə V bal intensivliyi qiymətləndirilmişdir (USGS). Bu nümunələr göstərir ki, yalnız maqnitudaya baxıb fəlakətin miqyasını təyin etmək doğru deyil. Bir hadisə yaşayış məntəqəsində zəif silkələnmə yarada, digəri isə daha əlverişsiz geoloji və tikinti şəraitində ciddi təsirlərlə dağıntılar yarada bilər.

Dünyadakı zəlzələlərin Azərbaycan üçün mesajı nədir?

Məsələnin ən mühüm tərəfi buradadır. Azərbaycan dünyanın ən fəal zəlzələ qurşaqlarından birinin tam kənarında yerləşən sakit platforma ərazisi deyil. Ölkəmizin daxil olduğu Qafqaz–Anadolu–İran regionu mürəkkəb və davam edən tektonik deformasiya ilə xarakterizə olunur. Bu sistemin formalaşmasında Ərəbistan plitəsinin şimala doğru hərəkəti və onun Avrasiya plitəsi ilə qarşılıqlı təsiri mühüm rol oynayır. Plitələrin yaxınlaşması nəticəsində regionda sıxılma, üfüqi yerdəyişmələr və müxtəlif geoloji blokların qarşılıqlı hərəkəti formalaşır. Bu deformasiya Qafqazdan Şərqi Anadoluya və İranın şimal-qərbinə qədər uzanan geniş ərazidə müxtəlif qırılma sistemlərinin aktivliyində özünü göstərir.

Deməli, Azərbaycanın seysmik təhlükəsini yalnız ölkə sərhədləri daxilində baş vermiş zəlzələlərin sayına baxmaqla müəyyən etmək olmaz.

Çünki zəlzələnin geoloji səbəbi inzibati sərhədlə məhdudlaşmır.

Qırılma sistemləri dövlət sərhədlərini keçə bilər. Eyni tektonik sistemin müxtəlif seqmentləri ayrı-ayrı ölkələrin ərazisində yerləşə bilər. Buna görə də Azərbaycan üçün seysmik təhlükənin qiymətləndirilməsində Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, şimal-şərqi və qonşu ərazilərdəki seysmik aktivlik vahid geodinamik çərçivədə araşdırılmalıdır. Bu yanaşma mühüm bir həqiqəti ortaya qoyur: uzaqda baş verən hər güclü zəlzələ Azərbaycanda zəlzələ olacaq demək deyil, lakin həmin hadisələr regionun hansı tektonik rejimdə olduğunu anlamaq üçün qiymətli elmi məlumatı formalaşdırır.

İnsanların ən çox səsləndirdiyi sual budur: növbəti güclü zəlzələ nə vaxt olacaq?

Müasir seysmologiya müəyyən ərazidə seysmik təhlükənin səviyyəsini, ehtimal olunan zəlzələlərin maqnitudasını, təkrarlanma xüsusiyyətlərini, yer hərəkətinin mümkün səviyyəsini və risk yaradan geoloji amilləri qiymətləndirə bilir. Lakin konkret zəlzələnin dəqiq tarixini, saatını və episentrini əvvəlcədən etibarlı şəkildə müəyyən etmək hələ mümkün deyil.

Ona görə də elmi yanaşmanın məqsədi “zəlzələ olacaqmı? ” sualından daha çox “ əgər zəlzələ baş verərsə, hansı ərazilərdə yer hərəkəti daha güclü ola bilər və mümkün nəticələri necə azaltmaq olar?” sualını cavablandırmaqdır.

Bu baxımdan seysmoloji müşahidələr, GPS/GNSS ölçmələri, aktiv qırılmaların tədqiqi, geoloji xəritələşdirmə və seysmik təhlükə modelləri xüsusi əhəmiyyət daşıyır. Yer qabığının çox kiçik hərəkətlərini belə uzun müddət ərzində izləmək regionun deformasiya rejimini anlamağa, gərginliyin hansı istiqamətdə toplandığını və hansı strukturların daha fəal olduğunu müəyyənləşdirməyə imkan verir.Əsas nəticə: zəlzələ xəbər deyil, uzunmüddətli gedən prosesin nəticəsidir.

Dünyanın müxtəlif bölgələrində baş verən güclü zəlzələlər bizə eyni həqiqəti xatırladır: Yer kürəsi geoloji baxımdan daim hərəkətdədir. Səthdə hiss olunan bir neçə saniyəlik silkələnmə bu uzunmüddətli prosesin yalnız görünən nəticəsidir.

Meksikadan Yaponiyaya, Kolumbiyadan İndoneziyaya qədər baş verən hadisələr ayrı-ayrı zəlzələlərdir. Onları eyni hadisənin davamı kimi hesab etmək düzgün olmaz. Lakin hər biri Yer qabığının dinamik sistem olduğunu göstərən təbii laboratoriyadır.

Zəlzələni yalnız baş verdiyi gün öyrənmək gecdir. Onu yaradan geodinamik prosesləri isə bu gün araşdırmaq mümkündür.

Azərbaycanın yerləşdiyi Qafqaz – Anadolu – İran geodinamik sistemi seysmoloji tədqiqatların ölkəmiz üçün xüsusi əhəmiyyət daşımasını şərtləndirir. Burada baş verən hər bir zəlzələ yalnız bir təkan deyil, yer daxilində gedən proseslər haqqında yeni məlumatın xəbərçisi rolunda özünü göstərir.

Seysmoloq üçün bəzən insanların heç hiss etmədiyi zəif təkan belə böyük elmi əhəmiyyət daşıya bilir. Çünki minlərlə belə hadisənin birlikdə təhlili qırılmaların davranışını, seysmik ocaqların paylanmasını və regionun tektonik fəallığını daha aydın göstərir. Bu baxımdan seysmoloji müşahidə sadəcə “zəlzələni qeydə almaq” deyil, yer qabığının davranışını uzun zaman ərzində izləməkdir.

Azərbaycanda müasir seysmik şəbəkənin inkişafı da məhz bu elmi zərurətdən doğub. Seysmologiyanın müasir mərhələsi yalnız elmi araşdırmaların deyil, dövlət səviyyəsində elmi infrastrukturun formalaşdırılmasının tarixidir. Bu prosesdə Ulu Öndər Heydər Əliyevin xüsusi diqqəti mühüm mərhələlərdən birini təşkil edir. Xüsusilə 25 noyabr 2000-ci ildə baş vermiş Xəzər zəlzələsindən sonra seysmik təhlükənin elmi əsaslarla öyrənilməsi və müşahidə sistemlərinin müasirləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.Bu qərar Azərbaycanda seysmologiyanın texniki imkanlarının yenilənməsi baxımından dönüş nöqtəsi oldu. 

Seysmoloji müşahidə artıq yalnız zəlzələnin baş verdiyini qeydə almaqla kifayətlənməyən, onun ocaq parametrlərini, yayılma xüsusiyyətlərini və ərazi üzrə yaratdığı təsirləri daha dəqiq öyrənməyə imkan verən kompleks elmi sistemə çevrilməyə başladı. Bu gün fasiləsiz işləyən seysmik və GPS stansiyalarından alınan məlumatlar yalnız zəlzələnin yerini müəyyənləşdirmək üçün deyil, Yer qabığının müasir hərəkətlərini izləmək üçün də istifadə olunur. Xüsusilə Naxçıvanda seysmoloji müşahidələrin yeni avadanlıqlarla təchizatı regionun mürəkkəb tektonik quruluşunun öyrənilməsi baxımından mühüm elmi imkan yaradır. Burada yaradılmış seysmik müşahidə sistemi sərhəd ərazilərin seysmikliyini və əraziyə təsir mexanizmlərini daha operativ izləməyə və seysmik məlumatların elmi tədqiqata cəlb olunmasına yeni imkanlar açır. Seysmologiyanın əhəmiyyəti yalnız zəlzələ baş verdikdən sonra onun nəticələrini izah etməklə məhdudlaşmır. Əsas məqsəd təhlükəni əvvəlcədən elmi cəhətdən qiymətləndirmək və mümkün itkilərin qarşısının alınmasına xidmət edən bilik formalaşdırmaqdır. Bu məlumatlar seysmik rayonlaşdırma xəritələrinin hazırlanmasında, şəhərsalmada və zəlzələyə davamlı tikinti prinsiplərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Başqa sözlə, seysmologiya laboratoriya və seysmik stansiya ilə məhdudlaşan elm deyil; onun nəticəsi küçədə, binada, körpüdə və strateji obyektlərdə insan təhlükəsizliyinə çevrilir. Müasir seysmologiyanın gələcəyi isə daha sıx müşahidə şəbəkəsi, daha sürətli məlumat ötürülməsi və daha dəqiq hesablama üsulları ilə bağlıdır.Yeni nəsil seysmoqraflar, rəqəmsal texnologiyalar və müxtəlif müşahidə sistemlərinin inteqrasiyası Yeraltında baş verən prosesləri daha həssas izləməyə imkan verir. Lakin texnologiya nə qədər inkişaf etsə də, onun dəyəri düzgün elmi təhlil olmadan tam reallaşa bilməz. 

Ona görə Azərbaycanda seysmologiyanın gələcəyi yalnız yeni cihazların alınmasından deyil, bu cihazların yaratdığı böyük məlumat axınını təhlil edə bilən elmi məktəbin inkişafından keçir. Ona görə Azərbaycanda seysmologiyanın gələcəyi yalnız yeni cihazların alınmasından deyil, bu cihazların yaratdığı böyük məlumat axınını təhlil edə bilən elmi məktəbin inkişafından keçir. 

Bu gün Mərkəzdə həmin məktəbin formalaşması istiqamətində mühüm proseslər gedir — seysmologiyaya yeni nəfəs gətirəcək gənc mütəxəssislər yetişdirilir.Onlar yalnız cihazların göstəricilərini oxumağı deyil, yerin dərinliklərindən gələn siqnalların arxasındakı elmi mənanı anlamağı öyrənirlər. Müasir proqram təminatı, rəqəmsal məlumat bazaları və yeni analiz metodları gənc tədqiqatçıların gündəlik elmi fəaliyyətinin bir hissəsinə çevrilir.

Əsas məqsəd isə sadəcə seysmoloq hazırlamaq deyil, məlumatı elmi nəticəyə, elmi nəticəni isə cəmiyyət üçün faydalı qərara çevirə bilən yeni nəsil alimlər yetişdirməkdir. Hər bir zəlzələ, hətta zəif təkan belə, Yer haqqında nəyisə öyrənmək üçün təbiətin bizə göndərdiyi məlumatdır. Bu məlumatları toplamaq, müqayisə etmək və düzgün şərh etmək isə seysmologiyanı sadəcə müşahidə elmi deyil, Azərbaycanın təhlükəsiz gələcəyinin elmi dayaqlarından birinə çevirir. Seysmik təhlükəsizliyin başlanğıcı məhz burada dayanır: Yeraltında baş verən hərəkəti vaxtında müşahidə etmək, qırılmaların davranışını öyrənmək, seysmik təhlükəni elmi əsaslarla qiymətləndirmək və tikinti ilə şəhərsalma qərarlarını bu reallığa uyğunlaşdırmaqdır.

Çünki Yer sakit görünəndə belə, dərinliklərdə hərəkət davam edir. Bəzən bir neçə saniyəlik silkələnmənin arxasında əsrlər boyu toplanmış geodinamik tarix dayanır.2026-cı ilin seysmik hadisələri də Azərbaycana bir daha göstərir ki, zəlzələni gözləmək deyil, onu doğuran prosesləri daim izləmək lazımdır. Bu baxımdan hər bir seysmik siqnal yalnız bir rəqəm və ya xəritədəki bir nöqtə deyil, Yerin bizə göndərdiyi məlumatdır. Həmin məlumatları nə qədər düzgün oxusaq, seysmik təhlükəni bir o qədər dəqiq qiymətləndirə və gələcək risklərə daha hazırlıqlı ola bilərik. Deməli, 2026-cı ilin Azərbaycana verdiyi əsas mesaj zəlzələnin nə vaxt baş verəcəyini bilmək deyil, onun baş verə biləcəyi günə qədər elmi hazırlığı heç vaxt dayandırmamaqdır.

İlkin Vəlibəyov

Naxçıvan Dövlət Universiteti Təbii Ehtiyatlar İnistitutu

Seysmoloji Xidmət şöbəsinin müdiri

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol