İlham Əhmədov, dosent

Türk universitetlərinin idarəetmə modelinin yerli universitetlərə transfer imkanları

2023-cü ilin oktyabrında “Təhsil desantına ehtiyac var!” adlı məqalə yazmışdıq. “Təhsil desantına ehtiyac var!” məqaləsi

Məqalədə qeyd edilirdi ki, Azərbaycan ali təhsil sistemində problemlər təkcə maliyyə və infrastruktur məsələlərində deyil. Elmi idarəetmə, universitet muxtariyyəti, tədqiqatların maliyyələşməsi, beynəlxalq təcrübə transferi və s. sahələrdə də ciddi problemlər var. Təklif etmişdik ki, problemlərin həllini sürətləndirmək məqsədilə Türkiyədən 100–150 nəfər təcrübəli təhsil tədqiqatçısı və menecerini ölkəmizə dəvət edək, onlar ETN və universitetlərin transformasiya proseslərini layihələndirsinlər və bu layihələrin icrasına rəhbərlik etsinlər. Çünki bu proseslərdə nə ETN-nin, nə də bizim universitetlərin real biliyi və təcrübəsi yoxdur.

Üç ildən sonra bu ideyaya yenidən qayıtmalı olduq. Ölkənin ali təhsil sistemində artıq müəyyən dəyişikliklər baş verib. Belə ki, Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılması və Qarabağ Universitetinin bu ərəfədə İstanbul Texniki Universiteti ilə ikili diplom proqramına başlaması ali təhsil sahəsində mühüm hadisələrdir.

Amma bu yeniliklər yeni problemləri də gündəmə gətirir: biz xarici universitetlərlə ənənəvi əməkdaşlıq, yoxsa akademik və idarəetmə modellərinin universitetlərimizə transferini istəyirik?

Məqalədə qeyd edilən problemlərin bir qismi indi daha aydın hiss edilir

3 il əvvəl ali təhsilimizin beynəlxalq reytinqlərdə zəif mövqeyi haqqında yazarkən qeyd etmişdik ki, eyni addımları təkrar edərək fərqli nəticələr almaq mümkün deyil. Bu gün mənzərə qismən dəyişib, reytinqlərdə irəliləyişlər hiss edilir. Lakin reytinqdə yüksəlmək sistem transformasiyası deyil, bu, onun indikatorlarından biri ola bilər. İndi əsas məsələ ölkədə rəqabətqabiliyyətli universitet ekosistemi yaratmaqdır.

Ən mühüm yenilik TAU-nun yaradılmasıdır

2024-cü ildə yaradılan TAU, məqalədəki “xarici təcrübənin ölkəyə gətirilməsi” təklifinin praktik reallaşmasıdır. TAU-nun yaradılmasına dair memorandum 19.02.2024 tarixində imzalanmış, 2024-cü ilin aprelində Prezident Fərmanı ilə təsdiq edilmiş, 2024-cü ilin sentyabrında isə universitetin fəaliyyəti barədə sərəncam olmuşdur.

TAU-nun məqsədlərindən biri Azərbaycan vətəndaşlarına xaricə getmədən aparıcı dövlətlərin ali təhsil standartları çərçivəsində təhsil almaq imkanı yaratmaqdır.

TAU-nun özəlliyi onun “çətir universitet” modelidir.

Burada ODTÜ-nün kompüter mühəndisliyi, İTÜ-nün sənaye mühəndisliyi və Hacettepe Universitetinin qida mühəndisliyi proqramları fəaliyyət göstərir. Azərbaycan tərəfdən əsas tərəfdaş Azərbaycan Texniki Universitetidir. Bu modelin əhəmiyyəti ondan ibarətdir ki, biz daha tələbəni xaricə göndərmirik, xarici universitetin akademik proqramını, professorunu və tədris modelini Azərbaycana gətiririk. Bu, strateji baxımdan düzgün yanaşmadır. TAU-nun perspektivləri barədə ayrıca məqaləmiz var (“Türkiyə–Azərbaycan Universiteti yeni universitet erasının başlanğıcı ola bilər”). “Türkiyə–Azərbaycan Universiteti yeni universitet erasının başlanğıcı ola bilər” məqaləsi

TAU sadəcə yeni universitet deyil — bu, yeni modeldir

TAU-nun əsl əhəmiyyəti onun tələbə sayında deyil. Əgər bu universitet “proqram + professor + akademik idarəetmə + keyfiyyət təminatı + laboratoriya + tədqiqat + sənaye əlaqəsi” kompleksini Azərbaycana transfer edə bilsə, onun təsiri bir universitetin sərhədlərindən çıxacaq. Bu halda TAU Azərbaycanın daha bir universiteti yox, Azərbaycan universitetlərinin transformasiya laboratoriyası olacaqdır. Bu, TAU-nun mühüm strateji məqsədi olmalıdır.

Qarabağ Universiteti–İTÜ modeli ikinci mühüm mərhələdir

2026-cı ildə ali təhsil sistemində daha bir mühüm hadisə oldu: Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına başlayır. Proqram inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi, kimya mühəndisliyi ixtisaslarını əhatə edir.

Təhsil tamamilə ingilis dilində olacaq. Tələbələr ilk üç ili Xankəndidə, dördüncü ili isə İstanbulda keçirəcək və uğurlu məzunlar hər iki universitetin bakalavr diplomunu alacaqlar. Proqram dövlət hesabına maliyyələşdirilir.

Burada maraqlı məqam proqramın yalnız ikili diplomla məhdudlaşmamasıdır. İTÜ professorlarının tədris prosesinə cəlb edilməsi, Xankəndidə müasir laboratoriyaların yaradılması, Türkiyədə istehsalat təcrübəsi və yay məktəbi, real mühəndislik layihələri nəzərdə tutulur. Bu, adi beynəlxalq müqavilə deyil, bu, gələcəkdə akademik və texnoloji transfer mexanizminə çevrilə bilər.

2023-cü ildə təklif etdiyimiz “desant” anlayışı artıq dəyişir

Üç il əvvəl “100–150 türk təhsil tədqiqatçısı və meneceri ölkəyə gətirilsin” deyəndə məqsəd sadəcə xaricdən mütəxəssis gətirmək deyildi. Əsas məqsəd “bilik → metod → idarəetmə mədəniyyəti → institusional dəyişiklik” zəncirini yaratmaq idi. Bu gün həmin ideyanı daha müasir şəkildə belə ifadə etmək lazımdır: bizə artıq “təhsil desantı” yox, “transfer komandaları” lazımdır. Yəni hər xarici tərəfdaş universitet Azərbaycan universitetinə sadəcə professor göndərməməli, eyni zamanda kurikulum dizaynı, akademik idarəetmə, keyfiyyət təminatı, tədqiqat siyasəti, laboratoriya idarəçiliyi, beynəlxalq qrant fəaliyyəti, sənaye əməkdaşlığı, doktorantura, rəqəmsal təhsil üzrə birlikdə işləyən komandalar yaratmalıdır.

Xarici universitetin adı kifayət deyil

Əgər TAU və ya Qarabağ Universiteti–İTÜ əməkdaşlığı yalnız xarici proqram + diplom səviyyəsində qalarsa, uzunmüddətli təsir məhdud olacaq. Əsas məsələ “nə aldıq?” yox, “nə öyrəndik və sistemə nə transfer etdik?” kimi olmalıdır. 

TAU-da tətbiq olunan akademik qiymətləndirmə, professor seçimi, proqramların yenilənməsi, tədqiqatın təşkili, sənaye ilə əməkdaşlıq, beynəlxalq keyfiyyət təminatı mexanizmlərindən “ölkənin neçə universiteti istifadə etməyə başlayacaq?” kimi məsələlər də vacibdir. Əgər yalnız TAU istifadə edəcəksə, sistemin səmərəsi məhdud olacaq, TAU-dan sonra 10 universitet də həmin mexanizmləri tətbiq edəcəksə, onda əsl transfer prosesi başlamış olur.

Azərbaycan ali təhsilində əsas problem “miqyaslandırma”dır

Bizdə çox vaxt pilot layihə yaranır, amma çox vaxt ölkə üzrə sistemləşdirilmir. Hesab edirik ki, TAU → Qarabağ Universiteti–İTÜ → digər universitetlər ardıcıllığı qurulmalıdır.

Bir neçə model universitet yaradıb onları ayrıca saxlamaq düz deyil. Onların təcrübəsi “açıq metodologiya → təlim → mentorluq → resurs transferi” vasitəsilə digər universitetlərdə tətbiq yolu ilə yayılmalıdır.

Qarabağ Universiteti ayrıca strateji laboratoriyaya çevrilə bilər

Qarabağ Universitetinin potensialı yalnız regional universitet olmaqla məhdudlaşmamalıdır.

Xankəndi kimi xüsusi tarixi və geostrateji məkanda yeni universitetin üstünlükləri var:

“Sıfırdan universitet dizaynı”. Bu imkan çox nadir hallarda yaranır. Qarabağ Universitetində “İTÜ + beynəlxalq mühəndislik modeli + müasir laboratoriyalar + sənaye layihələri + rəqəmsal təhsil + Sİ” birləşdirilərək Azərbaycanın “Universitet 4.0” prototipi yaradıla bilər. İTÜ ilə 2026/2027-dən başlayan ikili diplom proqramı artıq bunun üçün real institusional baza yaradır.

TAU və Qarabağ Universitetindən sonra növbəti addım nə olmalıdır?

Artıq bir neçə xarici universitetlə əməkdaşlıq siyasətindən “Milli Akademik Transfer Proqramı”na keçmək lazımdır. Məsələn, 10 strateji tərəfdaş universitetin hər biri “1 Azərbaycan universiteti + 1 xarici universitet” modelində işləyə bilər.

Əməkdaşlıq bu beş komponent üzrə qiymətləndirilə bilər: kurikulum transferi, professor transferi, tədqiqat transferi, laboratoriya transferi, idarəetmə və keyfiyyət transferi.

Beləliklə, əməkdaşlığın nəticəsi memorandumların sayı ilə yox, transfer edilmiş təşkilati səriştələrin həcmi ilə ölçülər.

Bu gün “təhsil desantı”nın ən vacib istiqaməti süni intellektdir

2023-cü ildə əsas problem beynəlxalqlaşma və idarəetmə idi. 2026-cı ildə buna süni intellekt əlavə olunub. Azərbaycan universitetləri süni intellektlə dəstəklənən tədris, süni intellekt tədqiqatı, öyrənmə analitikası, süni intellekt üzrə akademik məsləhət, süni intellekt qiymətləndirməsi, rəqəmsal laboratoriyalar, süni intellekt idarəetməsi sahələrində qabaqcıl xarici təcrübəni sürətlə mənimsəməlidir. Bu səbəbdən növbəti mərhələdə ali təhsil sahəsində Azərbaycan–Türkiyə əməkdaşlığı TAU ilə məhdudlaşmamalıdır. Məsələn, TAU və Qarabağ Universiteti ətrafında Sİ + Mühəndislik + Sənaye ekosistemi yaradıla bilər.

Bu, Azərbaycanın texnoloji insan kapitalı üçün güclü platformaya çevrilə bilər.

2023-cü ildən bu günə olan əsas dəyişiklik

Üç il əvvəl yazdığımız məqalənin əsas tezisi belə idi: “Türkiyə təcrübəsini universitetlərimizə gətirmək lazımdır.” Bu gün artıq daha da irəli getmək mümkündür: “Türkiyənin aparıcı universitetləri ilə birlikdə Azərbaycanda yeni universitet modelləri qurmaq lazımdır.” Bu, prinsipial fərqdir. İlk model təcrübənin öyrənilməsi idi, ikinci model təşkilati transformasiyadır. TAU və Qarabağ Universiteti–İTÜ xətti məhz bu ikinci mərhələnin ilkin nümunələridir.

Təhlükə hələ də qalır

Azərbaycanın təhsil tarixində ən böyük problemlərdən biri pilot layihəni islahat kimi təqdim edilməsidir. Bir universitetdə uğur əldə etmək hələ sistemin uğuru deyil. TAU, Qarabağ Universiteti–İTÜ uğurlu ola bilər. Amma bu modellər Azərbaycanın digər universitetlərinin transformasiyasına kömək edəcəkmi?

Əgər bu modellər “yeni kurikulum → yeni professor siyasəti → yeni tədqiqat modeli → yeni idarəetmə → yeni maliyyələşmə” formasında bütün ali təhsil sisteminə yayılarsa, onda real islahat başlaya bilər.

Azərbaycanın yeni hədəfi: “10 TAU effekti”

Azərbaycan ali təhsil sistemi qarşısına 2030-cu ilə qədər konkret bir neçə seçilmiş universitetin inkişafından daha böyük hədəf qoymalıdır. TAU effekti × 10, yəni TAU-da və Qarabağ Universiteti–İTÜ modelində sınaqdan keçirilən uğurlu mexanizmlər ən azı 10 universitetə transfer edilməlidir. Bu mexanizmlər beynəlxalq kurikulum, xarici professor, ikili diplom, birgə laboratoriya, Sİ tədrisi, ortaq tədqiqat, sənaye əməkdaşlığı, beynəlxalq akkreditasiya ola bilər. Belə olduqda xarici əməkdaşlıq ayrı-ayrı universitetlərin deyil, milli ali təhsil transformasiyasının alətinə çevrilər.

Beləliklə, görürük ki, ali təhsil sistemində real və nəticəli islahatlara nail olmaq üçün xeyli işlər görməliyik. Yalnız bu halda ölkədə innovativ inkişaf və rəqəmsal transformasiya prosesləri mümkündür. Bu mürəkkəb prosesləri layihələndirmək və həyata keçirmək bizim təhsil menecerləri üçün çox çətin ola bilər. Ona görə də qabaqcıl xarici təcrübədən faydalanmalıyıq.

2023-cü ildə yazılan “Təhsil desantına ehtiyac var!” məqaləsinin əsas ideyası da məhz bundan ibarət idi. Bu ideya yenə də aktualdır, amma indi reallıq qismən dəyişib. Artıq Azərbaycan xaricdən mütəxəssis dəvət etmə mərhələsini addımlayıb, yeni mərhələyə qədəm qoymalıdır.

TAU yaradılıb və fəaliyyət göstərir.

TAU ODTÜ, İTÜ və Hacettepe kimi Türkiyənin aparıcı universitetlərinin proqramlarını Azərbaycan ali təhsil mühitinə gətirən “çətir universitet” modelinə çevrilib. Qarabağ Universiteti isə 2026/2027-ci tədris ilindən İTÜ ilə mühəndislik üzrə dövlət hesabına ikili diplom proqramına başlayır, proqramda İTÜ professorları, müasir laboratoriyalar, Türkiyədə istehsalat təcrübəsi və real layihələr nəzərdə tutulur.

Bu, üç il əvvəl təsəvvür etdiyimiz istiqamətdə mühüm irəliləyişdir. Amma indi daha çətin bir mərhələ başlayır.

Xarici təcrübəni ölkəyə gətirmək və onu milli ali təhsil sisteminə yaymaq lazımdır. TAU və Qarabağ Universiteti–İTÜ modeli istisna olaraq qalarsa, onların təsiri məhdud olacaq.

Onlar prototipə çevrilərsə, Azərbaycan ali təhsilinin inkişafına real təsir göstərə bilərlər.

Bu gün “təhsil desantına ehtiyac var” tezisini belə yeniləmək olar: Azərbaycanın artıq təkcə təhsil desantına yox, akademik-transformasiya ordusuna ehtiyacı var. Bu “ordu”nun silahı müəllim və alim, sursatı bilik və qrant, komanda mərkəzi data və Sİ, əsas strategiyası isə beynəlxalq təcrübəni yerli universitetlərin təşkilati qabiliyyətinə çevirməkdir. Çünki Azərbaycan universitetlərinin gələcəyi memorandumların sayından yox, öyrənmə və dəyişmə qabiliyyətindən asılı olacaq.

2023-cü ildən üç il sonra artıq problem “Türkiyədən nə öyrənək?” kimi deyil. İndi daha ciddi problemi – TAU, İTÜ və digər beynəlxalq tərəfdaşlıqlar vasitəsilə öyrəndiyimizi Azərbaycanın bütün ali təhsil sisteminə necə transfer edək məsələsini həll etməliyik.

Bu problemin həlli Azərbaycan ali təhsilinin qarşıdakı onillikdə inkişaf vektorunu təyin edəcəkdir. Universitetlərimiz yalnız reytinqlərdə cüzi yüksələcək, yoxsa həqiqətən rəqabətqabiliyyətli tədqiqat və innovasiya sistemi olacaqdır.