Menu

10,5 milyon manatlıq 44 əmlak hərraca çıxarılır

09.09.2026, 11:50
10,5 milyon manatlıq 44 əmlak hərraca çıxarılır

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan ümumilikdə 44 qeyri-yaşayış sahəsi hərraca çıxarılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elanlarında bildirilir.

Rəsmi siyahılar üzrə hesablamalara əsasən, satışa çıxarılan 44 əmlakın ümumi start qiyməti 10 milyon 467 min 784,9 manat, ümumi sahəsi isə 11 445,2 kvadratmetr təşkil edir.

Əmlaklardan 26-sı sentyabrın 16-da keçiriləcək iki ayrı hərracda satışa təqdim olunacaq. Saat 10:00-da keçiriləcək hərracda 8 əmlak satışa çıxarılacaq. Bu obyektlərin ümumi sahəsi 2 066,1 kvadratmetr, ümumi start qiyməti isə 2 milyon 787 min 75,9 manatdır.

Saat 10:30-da keçiriləcək digər hərracda isə 18 əmlak satışa çıxarılacaq. Onların ümumi sahəsi 5 255,4 kvadratmetr, start qiymətlərinin cəmi isə 5 milyon 569 min 830 manat təşkil edir.

Daha 18 qeyri-yaşayış sahəsi oktyabrın 6-da saat 11:00-da hərraca çıxarılacaq. Bu əmlakların ümumi sahəsi 4 123,7 kvadratmetr, ümumi start qiyməti isə 2 milyon 110 min 879 manatdır.

Beləliklə, üç hərrac üzrə “Aqrarkredit”in balansında olan əmlakların ümumi start qiyməti təxminən 10,5 milyon manat təşkil edir.

Qeyd edək ki, bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” QSC-dən külli miqdarda kredit götürdüyü, vəsaitlər təyinatı üzrə istifadə olunmadığı, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edildiyi məlumatı əsasına Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib. Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb. Onlara qaşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) ) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2001-ci ildən 2025-ci ilə kimi “Aqrarkredit” QSC-yə rəhbərlik etmiş Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol