Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.
"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb. Görüşdən əvvəl Ermənistanın Baş naziri üçün rəsmi qəbul mərasimi keçirilib.
Emmanuel Makron I Beynəlxalq Kosmik Sammitdə iştirak dəvətini qəbul etdiyi üçün Paşinyana təşəkkür edib. Fransa Prezidenti ikitərəfli strateji əməkdaşlıq bəyannaməsinə uyğun olaraq bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiyini vurğulayıb.
Baş nazir Paşinyan da dəvətə və səmimi qonaqpərvərliyə görə təşəkkür edərək kosmik sahədə Fransa ilə əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib. O bildirib ki, Ermənistan bu istiqamətdə daha sıx tərəfdaşlıqda maraqlıdır.
Görüşdə iqtisadi əməkdaşlığın iki ölkə arasındakı strateji tərəfdaşlığın prioritet sahələrindən biri olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Ermənistan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsini yüksək qiymətləndiriblər.
Söhbət zamanı regional proseslərə də toxunulub. Tərəflər sülhün möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl şəkildə atılmasının vacibliyini vurğulayıblar.
Görüşdən sonra Fransa Prezidenti Emmanuel Makronun adından Beynəlxalq Kosmik Sammitdə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafət verilib.
E. Səlimov
AzPolitika.info


Şərhlər