NATO müttəfiqləri Rusiyaya məxsus sualtı qayıqların yaz aylarında Arktikanın Svalbard arxipelaqı sularında təlim keçirdiyini bildirirlər.
"AzPolitika" xəbər verir ki, Qərb rəsmilərinin "Reuters" agentliyinə verdiyi məlumata görə, təlim zamanı vacib sualtı kabelləri səssizcə zədələmək üçün nəzərdə tutulmuş gizli silah sınaqdan keçirilib.
Mənbələr qeyd edir ki, bu məxfi əməliyyat Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsi (QUQİ) tərəfindən həyata keçirilib və təlimlərdə qabaqcıl texnologiyaların tətbiqi simulyasiya edilib. Rusiyaya məxsus sualtı qayıqlar Böyük Britaniya, Norveç və ABŞ-nin birgə əməliyyatı nəticəsində aşkar olunub. Qərb qüvvələrinin müdaxiləsindən sonra rus gəmiləri təlimi yarımçıq saxlayaraq ərazini tərk etmək məcburiyyətində qalıblar.
Aprel ayında Britaniya və Norveç Arktikada Rusiyanın gizli fəaliyyətini bəyan etsələr də, yeni silahların sınaqdan keçirilməsi, əməliyyatın dəqiq yeri və ABŞ-nin bu prosesdəki iştirakı barədə məlumatlar ilk dəfə üzə çıxır.
ABŞ rəsmilərinin bildirdiyinə görə, kəşfiyyat analitikləri Rusiyanın NATO-nun kollektiv müdafiə mexanizmini sınaqdan keçirmək niyyətində ola biləcəyindən narahatdırlar. Mütəxəssislər hesab edirlər ki, strateji sualtı kabellərin sıradan çıxarılması bu tür əməliyyatların ana tərkib hissəsi ola bilər.
Rusiya Müdafiə Nazirliyi mövzu ilə bağlı sorğuları cavablandırmayıb.
E. Səlimov
AzPolitika.info


Şərhlər