Menu

Azad edilmiş ərazilərdə abidələrə dəymiş ziyanın dəyəri açıqlandı

10.09.2026, 15:36
Azad edilmiş ərazilərdə abidələrə dəymiş ziyanın dəyəri açıqlandı

İşğaldan azad olunmuş ərazilərdəki 749 abidədən 575-də inventarlaşdırma işləri aparılıb.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)”nın dördüncü günündə çıxışı zamanı deyib.

O bildirib ki, inventarlaşdırma aparılan abidələrdən 196-sı Şuşa şəhərində yerləşir.

Səbinə Hacıyeva qeyd edib ki, inventarlaşdırma zamanı çöl tədqiqatları aparılıb, abidələrin rəqəmsal xəritələri hazırlanıb, fotoşəkilləri çəkilib və dron vasitəsilə görüntüləri qeydə alınıb. Eyni zamanda, arxiv sənədləri və digər mənbələr də araşdırılıb.

“Monitorinqlər göstərib ki, işğal dövründə mədəni irsimizə ciddi ziyan vurulub, abidələr dağıntı və vandalizmə məruz qalıb.

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb. Lakin Qarabağ və Şərqi Zəngəzur ərazisindəki abidələrin sayı bundan qat-qat çoxdur. Abidələrdən 115-i genişmiqyaslı dağıntılara məruz qalıb, digərləri isə müxtəlif dərəcədə zədələnib. Hazırda 434 abidəyə dəymiş ümumi maddi ziyanın məbləği 700 milyon 154 min manat qiymətləndirilir”, - Dövlət Xidmətinin rəisi bildirib.

O əlavə edib ki, konkret olaraq, işğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Daha 25 məscid, 14 türbə və 2 sərdabə isə müxtəlif dərəcədə zərər görüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol