Menu

Ukraynaya kütləvi raket və PUA hücumu - Yaşayış binaları və mülki obyektlər vurulub

11.09.2026, 13:18
Ukraynaya kütləvi raket və PUA hücumu - Yaşayış binaları və mülki obyektlər vurulub

Sentyabrın 11-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə "S8000 Banderol" raket-dronları və 161 zərbə PUA-sı ilə kütləvi hücum həyata keçirib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri tərəfindən 138 dron zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyi isə zərbələrin, digər obyektlərlə yanaşı, məlumat mərkəzlərinə (data-mərkəzlər) endirildiyini bəyan edib.

Hücumların nəticələri və dəyən zərər barədə rəsmi mənbələrin məlumatları aşağıdakı kimidir:

Kiyevin Dnepr rayonunda 9 mərtəbəli yaşayış binası zərbəyə məruz qalıb. Binanın fasadı və ikinci mərtəbəsindəki mənzil yanıb. Son məlumatlara görə, 8 nəfər xəsarət alıb.

Paytaxtın Buça rayonunda isə anbar binaları vurulub və yanğın baş verib. Xilasedicilər yanğını söndürərkən təkrar zərbə endirilsə də, FHN əməkdaşları təhlükəyə baxmayaraq işi davam etdiriblər.

Zaporojye şəhəri də kütləvi hücuma məruz qalıb. Dokquzmərtəbəli binanın damı dağılıb və yanğın baş verib. Həmçinin ticarət mərkəzində və ofis binasında yanğınlar qeydə alınıb. Hücum zamanı 32 yaşlı qadın və onun 10 yaşlı oğlu yaralanıb. Təkrar zərbə təhlükəsi səbəbindən yanğınsöndürənlər işi vaxtaşırı dayandırmaq məcburiyyətində qalıblar.

Dnepr şəhərində xüsusi müəssisənin ərazisində yük avtomobilləri yanıb, 2 nəfər xəsarət alıb. Nikopol rayonunda isə fərdi evlər və avtomobillər zədələnib, 1 nəfər yaralanıb.

Rusiya tərəfi Kiyevdə "B-mobile" data-mərkəzinin, "Gostomel" logistika mərkəzinin, Xmelnitski vilayətində "Nova Poshta" terminalının, Odessa vilayətində avtomobil aqreqatları zavodunun, habelə Çernomorsk və Odessa limanlarında quru yük gəmilərinin vurulduğunu iddia edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol