Cinayət işi üzrə təqsirləndirilən Bahadır Qasımov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
“AzPolitika” Qafqazinfo-ya istinadən xəbər verir ki, qərarı Bakı Ağır Cinayətlər Məhkəməsi qəbul edib.
Məlumata görə, müdafiə tərəfi Bahadır Qasımovun səhhətini əsas gətirərək həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və təqsirləndirilən şəxs məhkəmə zalından azad olunub.
Bahadır Qasımov, qardaşı İkram Qasımov və cinayət işi üzrə digər şəxslər qanunsuz pul köçürmələrinin həyata keçirilməsində ittiham olunurlar.
İttiham materiallarına əsasən, sözügedən əməliyyatlar çərçivəsində xarici ölkələrə 254 milyon manatdan çox vəsaitin qanunsuz köçürüldüyü iddia edilir.
Cinayət işi üzrə müxtəlif əmlakların üzərinə həbs qoyulduğu bildirilir. Göstərilən məbləğlər və əməllər ittiham tərəfinin mövqeyidir və məhkəmənin yekun hökmü deyil.
Təqsirləndirilən şəxslərin günahı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənə bilər. Qətimkan tədbirinin dəyişdirilməsi də şəxsin bəraət alması və ya cinayət işinə xitam verilməsi demək deyil.
AzPolitika.info


Şərhlər