Avropa Komissiyası Ukraynaya hava və raketdən müdafiə sistemləri, sursat, pilotsuz uçuş aparatları və radioelektron mübarizə vasitələrinin alınması üçün 6,1 milyard avro həcmində maliyyələşməni təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni maliyyələşmə Ukraynanın ballistik raket və PUA hücumlarından müdafiə imkanlarının gücləndirilməsinə yönəldiləcək. Satınalmaların həm Avropa İttifaqı ölkələrinin şirkətlərindən, həm də birbaşa Ukraynanın müdafiə sənayesi müəssisələrindən həyata keçirilməsi nəzərdə tutulur.
Paketdə hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə, xüsusilə “Patriot” sistemləri üçün avadanlıqların alınmasına xüsusi diqqət ayrılıb.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, qərar Ukraynanın mülki əhalisini və kritik infrastrukturunu daha effektiv qorumağa imkan verəcək.
“Ukrayna artıq səmasını Rusiyanın hücumlarından daha yaxşı qorumaq üçün ehtiyac duyduğu “Patriot” avadanlıqlarını ala biləcək. Üzv dövlətlərimiz və NATO ilə birlikdə Ukraynanı zəruri vasitələrlə təmin etməyə, eyni zamanda Avropanın öz müdafiəsini gücləndirməyə davam edəcəyik”, – o deyib.
Avropa Komissiyasının qərarı Ukraynaya “Patriot” sistemləri üçün PAC-3 raketlərini də almağa imkan verir. Maliyyələşmə Ukraynaya dəstək məqsədilə nəzərdə tutulan ümumilikdə 90 milyard avroluq daha geniş kredit paketi çərçivəsində həyata keçiriləcək.
Satınalmaların sürətləndirilməsi məqsədilə standart uyğunluq şərtlərindən beş istisna nəzərdə tutulub. Onlardan üçü Ukraynada istehsal olunan PUA və komponentlərə, digər ikisi isə ABŞ istehsalı olan avadanlıqlara, o cümlədən PAC-3 raketlərinə aiddir. Bu raketlərin NATO-nun koordinasiya etdiyi PURL mexanizmi vasitəsilə alınması da mümkün olacaq.
Avropa Komissiyası cari il ərzində Ukraynaya artıq 8,35 milyard avro həcmində müdafiə maliyyələşməsi ayırıb və yaxın zamanda əlavə vəsaitin ayrılacağını bildirib.


Şərhlər