Cənubi Koreya hərbçiləri Şimali Koreyanın şərq sahillərindən dəniz istiqamətində bir neçə qısamənzilli ballistik raket buraxdığını açıqlayıblar.
“AzPolitika” xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına əsasən, buraxılışlar sentyabrın 12-də yerli vaxtla saat 05:20-də Vonsan ərazisindən qeydə alınıb.
Cənubi Koreya tərəfinin ilkin hesablamasına görə, raketlər təxminən 250 kilometr uçaraq Koreya yarımadasının şərqindəki dəniz akvatoriyasına düşüb.
Seul bildirir ki, Cənubi Koreya və ABŞ hərbçiləri raketlərin sayı və texniki xüsusiyyətləri ilə bağlı təhlili davam etdirirlər. Məlumatların Yaponiya ilə də bölüşdürüldüyü qeyd olunur.
ABŞ-nin Hind-Sakit Okean Komandanlığı hadisədən xəbərdar olduğunu və müttəfiqlərlə məsləhətləşmələr apardığını açıqlayıb. Komandanlığın ilkin qiymətləndirməsinə görə, buraxılışlar ABŞ ərazisi və regional müttəfiqlər üçün dərhal təhlükə yaratmayıb.
Hadisə ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi təlimindən sonra baş verib. Lakin təlimlə raket buraxılışları arasında səbəb-nəticə əlaqəsi rəsmi şəkildə təsdiqlənməyib.
Şimali Koreya buraxılışlarla bağlı hələlik açıqlama verməyib. Raketlərin dəqiq sayı, modeli və buraxılışın məqsədi müstəqil təsdiqlənməyib.
AzPolitika.info


Şərhlər