Menu

"Starlink"in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13.09.2026, 12:55
"Starlink"in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

Amerikanın qlobal internet əhatə dairəsinə malik "Starlink" orbital qruplaşmasında fəaliyyət göstərən peyklərin sayı 11,1 mini ötüb.

"Report" xəbər verir ki, bu barədə layihəni hazırlayan "SpaceX" şirkətinin məlumatlarında bildirilir.

Qeyd olunub ki, ötən bazar günü növbəti peyk qrupunun orbitə çıxarılmasından sonra fəaliyyətdə olan peyklərin sayı 11 133-ə çatıb.

Ümumilikdə, "Starlink" layihəsi çərçivəsində "SpaceX" 2019-cu ilin mayından etibarən 12,9 mindən çox internet peyki orbitə buraxıb. Onların bir hissəsi sıradan çıxıb və ya orbitdən enib.

Yalnız cari ilin əvvəlindən etibarən "SpaceX" 80 "Falcon 9" raketinin köməyi ilə təxminən 2 min "Starlink" peykini orbitə çıxarıb.

Perspektivdə "SpaceX" tammiqyaslı şəbəkə yaratmaq üçün orbital qruplaşmanı 12 min aktiv peykə çatdırmağı planlaşdırır. Bu şəbəkə Yer kürəsinin istənilən nöqtəsində sakinlərə genişzolaqlı internet çıxışı təmin etməyə imkan verəcək. Layihənin həyata keçirilməsinə ümumi investisiyanın 10 milyard dollar həcmində olacağı qiymətləndirilir.

Hazırda "Starlink" şəbəkəsi dünyanın 160-dan çox ölkə və ərazisini əhatə edir və 10 milyondan çox aktiv müştərini yüksəksürətli internetlə təmin edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol