Çin alimləri daha əvvəl məlum olmayan və ehtimal ki, gənə dişləməsi vasitəsilə insanlara keçə bilən yeni virus aşkarlayıblar.
Bu barədə "Daily Mail" məlumat yayıb.
"Asian longhorned tick nairovirus" (ALTNV) adlandırılan virus Çinin dörd əyalətində, o cümlədən Uhan şəhərinin yerləşdiyi Hubey əyalətində aşkar edilib.
Tədqiqatçılar gənə dişləməsindən sonra mənşəyi bilinməyən qızdırma yaranan xəstələrə diqqət yetiriblər. Bəzi simptomların gənə vasitəsilə yayılan və ağır trombositopeniya ilə müşayiət olunan qızdırmaya səbəb olan Dabie-Bandavirusuna (DBV) bənzədiyi müəyyənləşdirilib.
Araşdırma çərçivəsində Henan, Hubey, Anhoy və Şandun əyalətlərindən 3163 nəfərin nümunələri analiz edilib. ALTNV 329 nəfərdə, yəni müayinə olunanların təxminən 10,4 faizində aşkarlanıb. Alimlərin məlumatına görə, virusa yoluxmanın ilk məlum halı 2009-cu ilə təsadüf edir.

Yalnız ALTNV-yə yoluxan xəstələrdə qızdırmadan sonra əsasən güclü halsızlıq və mədə-bağırsaq problemləri müşahidə olunub. Xəstələrin 84 faizində ciddi yorğunluq, təxminən 80 faizində isə həzm sistemi ilə bağlı problemlər qeydə alınıb. 38 faiz xəstədə qanaxma riskini artıra bilən trombositlərin sayının azalması – trombositopeniya müəyyən edilib.
Tədqiqatçıları ALTNV və DBV ilə eyni vaxtda yoluxma halları xüsusilə narahat edib. İkiqat yoluxma 38 nəfərdə aşkarlanıb və onların 7-si ölüb. Bu isə həmin qrupda ölüm göstəricisinin 18,4 faiz olduğunu göstərir. İki virusla yoluxan xəstələrdə tənəffüs və böyrək funksiyalarının pozulması da daxil olmaqla ağır fəsadlara daha çox rast gəlinib.
Virusun mümkün mənbəyini müəyyənləşdirmək üçün alimlər Çinin 15 əyalətindən toplanan təxminən 47 min gənəni də araşdırıblar. ALTNV tədqiq olunan gənələrin təxminən 1,3 faizində aşkarlanıb. Asiya uzunbuynuzlu gənələrində isə virus 1,75 faiz hallarda müəyyən edilib.

Laboratoriya təcrübələri zamanı Asiya uzunbuynuzlu gənəsinin virusu siçanlara ötürə bildiyi məlum olub. Bu nəticə virusun insanlara da oxşar mexanizmlə keçə biləcəyini ehtimal etməyə imkan verir. Lakin yoluxmanın dəqiq mexanizmi hələ tam təsdiqlənməyib.
Hazırda ALTNV-nin Çindən kənarda yayılıb-yayılmadığı məlum deyil. Virusa diqqətin artmasının səbəblərindən biri də ehtimal edilən daşıyıcının yayılmasıdır. Asiya uzunbuynuzlu gənəsi ilk dəfə 2017-ci ildə ABŞ-da aşkarlanıb və daha sonra ölkənin bir neçə ştatında qeydə alınıb. Bununla belə, həmin gənələrin ABŞ-da mövcud olması yeni virusun artıq ölkədə yayıldığı anlamına gəlmir.
ALTNV-yə qarşı hazırda spesifik müalicə üsulu mövcud deyil. DBV üçün də məqsədyönlü terapiya yoxdur. İnfeksiya ağır keçdikdə həkimlər venadaxili müalicə və qan köçürülməsi də daxil olmaqla dəstəkləyici terapiyadan istifadə edirlər.
Alimlər yeni virusun nə qədər geniş yayıldığını, yoluxma hallarının artıb-artmadığını və hansı gənə növlərinin virusu insanlara ötürə bildiyini müəyyənləşdirməlidirlər. Bu məlumatlar ALTNV-nin potensial təhlükəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. (modern.az)


Şərhlər