İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında ABŞ-nin anti-İran siyasətini kəskin tənqid edərək Tehranın təcrid olunmasının mümkün olmadığını bəyan edib. O, Vaşinqtonun mövcud hərəkətləri ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu vurğulayıb.
"AzPolitika" xəbər verir ki, Bəqayi Vaşinqtonun regional siyasətini və İsrailə verdiyi dəstəyi sert şəkildə pisləyib: "İran heç vaxt təcrid oluna bilməz. Əksinə, ABŞ-nin beynəlxalq aləmdəki mövqeyinə baxın. Onlar suveren İran İslam Respublikasına hücum etməklə və Qəzzada etnik təmizləmə, eləcə də soyqırımı müharibəsi aparan cinayətkar rejim idarəçiləri ilə ittifaq quraraq dəhşətli cinayətlər törədiblər".
XİN rəsmisi bildirib ki, Birləşmiş Ştatlar bütün beynəlxalq qanunları və hüquq çərçivələrini heçə sayır. Onun sözlərinə görə, təkcə BRICS ölkələri deyil, hətta ABŞ-nin bir çox müttəfiqləri də Vaşinqton tərəfindən məcburən tətbiq edilən təkqütblü dünya nizamına qarşı narazılıqlarını nümayiş etdirirlər.
Son dövrlərdə ABŞ və İran arasında hərbi gərginlik və qarşılıqlı əməliyyatlar yenidən intensivləşib. Tərəflər arasında xüsusilə Hörmüz boğazına nəzarət, İranın nüvə proqramı və iqtisadi sanksiyalar kimi strateji məsələlərdə ciddi ixtilaflar qalmaqdadır.
Bu fonda, Körfəz ölkələri ilə İran arasında Hörmüz boğazında təhlükəsizlik və mümkün razılaşmaları müzakirə etmək üçün bu gün Omanda keçirilməsi planlaşdırılan mühüm görüşün təxirə salındığı bildirilir.
“AzPolitika.info”


Şərhlər