Ukrayna Silahlı Qüvvələrinin bir neçə aydır davam edən əks-hücum əməliyyatları nəticəsində cəbhənin Liman istiqamətində Rusiya ordusunun müdafiə xətti sözün əsl mənasında çökməyə başlayıb. Ukrayna qoşunları düşmənin müdafiə səddini yararaq arxa cəbhəyə doğru irəliləyib və bəzi rus bölmələrinin təchizat yollarını tamamilə kəsib.
"AzPolitika" xəbər verir ki, OSINT analitiki Klement Molena, "Rochan Consulting" və Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) təhlillərinə əsasən, Rusiya ordusu artıq 240 kvadrat kilometrə yaxın ərazini nəzarətə alıb. Bununla da Moskva şimal istiqamətindən Slavyansk-Kramatorsk aqlomerasiyasını sıxışdırmaq üçün istifadə etdiyi strateji plasdarmı faktiki olaraq itirib.
Hərbi müşahidəçi Valeri Şiryayevin sözlərinə görə, Şandriholovo yaşayış məntəqəsi ərazisindəki Rusiya hərbi birləşmələri faktiki olaraq mühasirə halına düşüb. Rus qoşunları hələ də bəzi məntəqələrdə mövqe saxlamağa çalışsa da, cəbhə xəttində təchizat demək olar ki, yalnız hava yolu vasitəsilə həyata keçirilir.
Rusiya yönümlü Z-teleqram kanalları da cəbhədəki acınacaqlı vəziyyəti etiraf etməyə məcbur olublar. Məlumata görə, rus hərbi müxbirləri və analitikləri yaranmış uğursuzluqda yuxarı komandanlığa təqdim olunan saxta və bəzədilmiş hesabatları günahlandırırlar.
Ukrayna hərbçilərinin artıq şəhərin içərisində rahat şəkildə videolar çəkməsinə baxmayaraq, Kremlin hələ də Svyatoqorskın "azad edildiyini" bəyan etməsi tənqid hədəfinə çevrilib. Analitiklər bildirirlər ki, Rusiya hərbi rəhbərliyi cəbhədəki reallıq günbəgün pisləşdiyi halda, Rusiya ictimaiyyətinə yalan "uğur" hekayələri satmaqda davam edir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər