Azərbaycanda 2026-cı ilin yanvar-avqust ayları ərzində qanunsuz dövriyyədən dəyəri 208 milyon 472 min manat qiymətləndirlən 6 ton 994 kq 958,417 qram narkotik vasitələr və psixotrop maddələr dövriyyədən çıxarılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5561 cinayət faktı aşkarlanıb.
Onlardan 1402-si narkotik vasitələrin qanunsuz satışı, 4033-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 123-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 994 kq 958,417 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 928 kq 804,897 qramını marixuana, 376 kq 894,303 qramını heroin, 139 kq 795,918 qramını tiryək, 247 kq 630,147 qramını həşiş, 15,849 qramını kokain, 129 kq 889,443 qramını digər narkotik vasitələr və 171 kq 927,36 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı 37082 ədəd həb metadon, 17372 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qr prekursor, 32,658 qr və 276 ədəd güclü təsir edən, eləcə də 970,1 qr zəhərli maddələr aşkar edilərək götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1447,5 hektar sahədən yaş kütləsi 391 ton 163 kq olan 4124541 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.


Şərhlər