Menu

İranla müharibə ABŞ-yə fantastik qiymətə başa gəlir - Hesabat açıqlandı

16.09.2026, 10:48
İranla müharibə ABŞ-yə fantastik qiymətə başa gəlir - Hesabat açıqlandı

İranla müharibənin ilk beş ayı ABŞ-yə 38 milyard dollara başa gəlib. “AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri Konqresin analitik mərkəzinin hesabatına istinadla məlumat yayıb.

Hesabatda bildirir ki, münaqişə bundan sonra ayda təxminən 2-3 milyard dollara başa gələcək. Ən əsası isə bu müharibənin HHM sistemləri üçün vacib olan raketlər, tutucular və s. də daxil olmaqla, Amerikanın silah ehtiyatlarını tükəndirdiyi xüsusi vurğulanır.

Nəşr qeyd edir ki, bu müstəqil qiymətləndirmə, noyabrda keçiriləcək aralıq seçkiləri yaxınlaşdıqca münaqişə ətrafındakı siyasi intriqanı daha da alovlandıracaq. Hesabatda deyilir ki, xərclənən məbləğin əsas hissəsi - 21.7 milyardı raketlərin və hava hücumundan müdafiə sistemlərinin dəyişdirilməsinə, o cümlədən tutucular üçün 13,1 milyard dollar, qanadlı raketlər üçün 7,3 milyard dollar və digər sursatlar üçün 1,2 milyard dollar sərf olunub.

Hesabatda həmçinin proqnozlaşdırılır ki, ABŞ-nin HHM tutucu qurğular ehtiyatının doldurulması "ən azı beş il" çəkə bilər və bu da Çinlə mümkün silahlı münaqişə halında ABŞ-nin daha az hava hücumundan müdafiə imkanları ilə üz-üzə qalmasına səbəb ola bilər.

Medianın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyun ayında müharibənin maliyyələşdirilməsinə və sursat ehtiyatlarının doldurulmasına kömək üçün Konqresdən 67 milyard dollar əlavə maliyyələşdirmə istəyib. Lakin maliyyələşdirməni artırmaq səyləri Konqresdə “ilişib” və müşahidəçilər hesab edirlər ki, bu proses seçkiyə qədər yerindən tərpənməyəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol