Menu

Uşaq bağçasının direktoruna hökm oxundu - Dələduzluqda ittiham olunurdu

16.09.2026, 11:41
Uşaq bağçasının direktoruna hökm oxundu - Dələduzluqda ittiham olunurdu

"Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovaya 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

"AzPolitika" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Havvaxanım Rüstəmovaya 3 il dövlət qulluğunda vəzifə tutmaqdan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Eləcə də onun barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz olunub.

Həmçinin iclasda dövlət ittihamçısı çıxış edərək onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Havvaxanım Rüstəmova 2024-cü ilin iyulunda saxlanılıb.

Baş Prokurorluğun məlumatına görə, "Moon Kids" Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi açılıb.

Cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. "Moon Kids" uşaq bağçasının fəaliyyəti dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol