Menu

QARAÇUXUR - GÜNƏŞLİ YOLUNDAKI TƏMİR “DONDURULUB” - Problem nə vaxt bitəcək? + FOTOLAR

16.09.2026, 14:02
QARAÇUXUR - GÜNƏŞLİ YOLUNDAKI TƏMİR “DONDURULUB” - Problem nə vaxt bitəcək? + FOTOLAR

Hazırda paytaxt Bakının bir sıra istiqamətlərindəki yollarda təmir aparılır. Onların bir çoxu cari, bəziləri isə əsaslı təmir işləridir. Bunların arasında Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin kəsişməsindəki, eləcə də Yeni Günəşlinin daxilindəki yollar “xüsusi” yer tutur.

Bu ərazidəki təmir işlərinin digərlərindən əsas fərqi ondadır ki, digərlərində “təmir aparılır” deyə biliriksə, buradakı təmirdə “aparılır” sözü artıqdır. Yəni, təmir dayanıb. Müvafiq texnikalar ərazidəki asfalt örtüyünü sökərək, üst qatı götürüb. Sonra bu texnikalar yerli-dibli yığışdırılaraq, ərazidən aparılıb. İndi həmin yollar kələ-kötür halda, quyularla, çalalarla, üstü açıq kanalizasiya lyukları ilə doludur. Burada xüsusilə də gündüz saatlarında toz-tozanaqdan nəfəs almaq olmur. Elə gün yoxdur ki, bu ərazidə çalalara düşüb sınan, yolda qalan avtomobillər olmasın.

Üstəlik, zatən “Şirin heykəli” kimi tanınan dairənin ətrafında daim müşahidə olunan tıxac, yolun bu cür bərbad hala salınmasından sonra daha da çoxalıb. Yeri gəlmişkən, bu ərazidə tıxacların artmasına AYNA-nın sözügedən dairədən Xalqlar Dostluğu istiqamətindəki yeni xətləməsi də “xüsusi töhfə” verib.

Bir sözlə, yarımçıq qoyulan, “dondurulan” təmir işləri bu ərazidə dözülməz vəziyyət yaradıb. Yerli sakinlər hələ avqust ayının əvvəlində başlanan təmirin tədris ilinin ilk gününə - sentyabrın 15-nə qədər bitəcəyini gözləyirdilər. Lakin məktəb başladı, təmir isə nəinki bitmədi, heç qaldığı yerdən tərpənmədi belə. İndi yerli sakinlər müxtəlif instansiyalara çoxsaylı zənglər, şikayətlər edirlər. Lakin hələlik dəyişən heç nə yoxdur...

Yeri gəlmişkən, Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin daxili yollarının da böyük hissəsi bərbad vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. Lakin yerli sakinlər əsas yoldakı bu “təmir biabırçılığı”nı görəndən sonra daxili yolların mümkün təmirindən qorxmağa başlayıblar. Çünki daxili yolları da bu cür qazıb çıxıb getsələr, o zaman burada ümüumiyyətlə, hərəkət etmək mümkün olmayacaq.

C.Məmmədli

“AzPolitikia.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol