ABŞ Nümayəndələr Palatası Rusiya ilə bağlı yeni sanksiya və tarif tədbirlərini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“AzPolitika” xəbər verir ki, layihənin lehinə 262 konqresmen, əleyhinə isə 159 konqresmen səs verib. Bundan əvvəl Senat da sənədi 86 səslə dəstəkləyib, 11 senator əleyhinə səs verib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması tələb olunur. Ağ Evin sözçüsü “The Wall Street Journal”a açıqlamasında prezidentin sənədi imzalamağı planlaşdırdığını bildirib.
Sənədə əsasən, ABŞ prezidentinə Rusiyanın neft və təbii qazının əsas alıcılarına, həmçinin Rusiya ilə iqtisadi əlaqələri davam etdirən ölkələrə yüksək tariflər tətbiq etmək səlahiyyəti verilir. Layihədə Rusiyanın ABŞ-yə ixracına 500%-dək tarif tətbiqi də nəzərdə tutulur.
Bundan əlavə, sənəddə Rusiya rəsmiləri, dövlət və özəl şirkətləri, banklar və enerji sektoru ilə bağlı müxtəlif məhdudlaşdırıcı tədbirlər yer alır.
Trampın təklifi ilə qanun layihəsinə İrana qarşı mövcud sanksiyaların 2031-ci ilə qədər uzadılması ilə bağlı müddəa da əlavə edilib.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, qanun layihəsinin qəbul edilməsi ABŞ administrasiyasına Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində əlavə iqtisadi və diplomatik vasitələr təqdim edir.
“AzPolitika.info”


Şərhlər