Menu

ƏRZAQ QITLAŞIR, BAHALAŞACAQ... - Azərbaycan üçün hansı təhlükələr var?

21.09.2026, 12:28
ƏRZAQ QITLAŞIR, BAHALAŞACAQ... - Azərbaycan üçün hansı təhlükələr var?

Qlobal ərzaq qiymətləri əlverişsiz hava şəraiti, geosiyasi gərginlik və ticarət yollarında yaranan problemlər fonunda son 4 ilə yaxın dövrün ən yüksək səviyyəsinə yüksəlib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Ərzaq Qiymət İndeksi avqust ayında aylıq müqayisədə 1,9 faiz artaraq 133,3 bəndə çatıb. Bu göstəricilər dünyada ərzaq qıtlığı məsələsini ön plana çıxarır. 

Bəs görəsən, bu vəziyyət dünyada "həyəcan təbili" çalmağa əsas verirmi? Ümumiyyətlə, qlobal ərzaq qıtlığının yaranma ehtimalı nə dərəcədə realdır və bundan çıxış yolu nədir?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qlobal ərzaq qiymətlərinin yüksəlməsi avtomatik olaraq qıtlığın yaranacağı demək deyil:

"Hazırkı vəziyyətdə daha real risk bəzi ərzaq məhsullarının ayrı-ayrı regionlarda bahalaşması, tədarükün çətinləşməsi və ərzağa çıxış imkanlarının zəifləməsidir.

FAO-nun son məlumatına görə, 2026-cı ilin avqustunda Qida Qiymətləri İndeksi 1,9 faiz artaraq 133,3 bəndə çatıb. Taxıl qiymətləri 2,2 faiz yüksəlib, buğdanın qiyməti illik ifadədə 15 faiz artıb. Lakin ümumi indeks hələ də 2022-ci ilin martındakı rekord səviyyədən 16,8 faiz aşağıdır. Yəni qiymətlər yüksəlsə də, bunu hələ qlobal ərzaq qıtlığı kimi xarakterizə etmək düzgün olmaz.

Bununla belə, risklər ciddidir. İsti və quraq hava məhsuldarlığı aşağı sala bilər, Qara dənizdə logistika problemləri taxıl ixracını çətinləşdirir, geosiyasi gərginlik isə daşınma və istehsal xərclərini artırır. FAO həmçinin 2026–2027-ci illərdə El-Nino hadisəsinin (Sakit okeanın tropik hissəsində dəniz səthinin temperaturunun uzunmüddətli orta göstəricidən qeyri-adi dərəcədə yüksəlməsi) bəzi mühüm kənd təsərrüfatı regionlarında quraqlıq və digər hava risklərini gücləndirə biləcəyini bildirir".


Ekspertin sözlərinə görə, qiymətlərin uzun müddət yüksək qalmasının ilk nəticəsi ərzağın əhali üçün əlçatanlığının zəifləməsi olacaq: "Xüsusilə, gəlirlərinin böyük hissəsini ərzağa xərcləyən aztəminatlı ailələr daha çox təsirlənəcək. İnsanlar daha ucuz məhsullara keçə, bəzi malların istehlakını azalda bilərlər. Bu isə qidalanmanın keyfiyyətinə də təsir göstərə bilər.

İkinci nəticə istehsal xərclərinin artmasıdır. Taxıl, yem, bitki yağları, gübrə və enerji bahalaşdıqca fermerin maya dəyəri yüksəlir. Bu, son nəticədə ət, süd, yumurta, un və digər məhsulların qiymətinə də ötürülə bilər. Beləliklə, bir məhsulun bahalaşması digər ərzaq qruplarında da qiymət artımına səbəb olur.

Üçüncü mühüm nəticə ərzaq idxalından asılı ölkələr üçün risklərin artmasıdır. Dünya bazarında qiymətlər yüksəldikdə həmin ölkələrin idxal xərcləri artır. Valyuta məzənnəsində də təzyiq yaranarsa, beynəlxalq qiymət artımı daxili bazarda daha güclü hiss oluna bilər".

Akif Nəsirov qeyd edib ki, Azərbaycan üçün də əsas məsələ budur. Qlobal bazarda bahalaşma daxili bazara birbaşa və eyni ölçüdə keçmir: "Lakin idxaldan asılı məhsullarda, xüsusilə taxıl, yem, bitki yağları və bəzi xammal növlərində dünya qiymətlərinin yüksəlməsi Azərbaycanda da maya dəyərinə və son istehlak qiymətlərinə təzyiq yarada bilər.

Ona görə əsas təhlükə yaxın perspektivdə “ərzaq olmayacaq” tipli qıtlıqdan daha çox, ərzağın bahalaşması və müəyyən əhali qrupları üçün əlçatanlığının azalmasıdır. Əgər hava problemləri, müharibələr və ticarət-logistika məhdudiyyətləri uzun müddət davam edərsə və eyni zamanda məhsuldarlıq aşağı düşərsə, ayrı-ayrı regionlarda real fiziki qıtlıq riski də arta bilər. Azərbaycan baxımından isə belə şəraitdə əsas müdafiə mexanizmləri yerli istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, fermerin istehsal xərclərinin azaldılması, strateji ərzaq ehtiyatlarının düzgün idarə olunması və idxal mənbələrinin şaxələndirilməsi olmalıdır".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol