Tofiq Zülfüqarov: “ Paşinyanın 'sülh' ritorikası revanşizmi gizlətmək üçündür”
“Moskva ilə "küsülülük" ikitərəfli ticarət dövriyyəsini maskalamaq üçün səhnələşdirilir”
Azərbaycanın keçmiş xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov Ermənistandakı son siyasi prosesləri, Baş nazir Nikol Paşinyanın təzədən alovlandırdığı ritorikanı və İrəvanın əsl niyyətlərini təhlil edib. Sabiq diplomat Cənubi Qafqazda sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistan rəhbərliyinin atdığı addımların arxasında gizlənən təhlükəli revanşizm meyllərinə diqqət çəkib.
Tofiq Zülfüqarov bildirir ki, Azərbaycanda mütləq əksəriyyətin Ermənistanda revanşizmin yeniden baş qaldırdığını düşünməsi əsassız deyil.
Sabiq nazirin sözlərinə görə, Paşinyanın sülhpərvər çıxışları sadəcə pərdələnmə xarakteri daşıyır: "İrəvanda keçirilən hərbi parad onların real müdafiə doktrinasının göstəricisidir. Bu doktrina kimə qarşı yönəlib? Rusiyaya, İrana, Gürcüstana, yoxsa Türkiyəyə? Əlbəttə ki, xeyr! Onlar bir tərəfdən sülh və sərhədlərin müəyyənləşməsi danışıqlarını aparır, digər tərəfdən isə müdafiə sistemlərini birbaşa Azərbaycana qarşı qururlar".
Diplomat vurğulayır ki, Ermənistanda Qafqaz Albaniyası irsi ətrafında yenidən başladılan mübahisələr təsadüfi deyil. Bu, tarix araşdırması deyil, "miatsum" ideologiyasını canlı saxlamaq üçün atılan ideoloji addımdır. Bununla yanaşı, İrəvanın Göyçə gölünün şərq sahili zolağını əlində saxlamaq cəhdləri də xüsusi strateji məqsəd daşıyır. Əsas hədəf Azərbaycanı və onun iqtisadiyyatını Cənubi Qafqazın en böyük şirin su hövzəsinə çıxışdan məhrum etməkdir.
Ermənistanın Meğri hissəsindəki Azərbaycanın dəmir yolu mülkiyyətini geri qaytarmaqdan imtina etməsinə toxunan Zülfüqarov bildirir ki, məqsəd Naxçıvanı blokadada saxlamaqdır: "Meğri dəmir yolu sahəsinin qaytarılmaması Naxçıvanı gələcəkdə hər növ iddialar qarşısında müdafiəsiz saxlamaq məqsədi güdür. Eyni zamanda bu, Ermənistanı xarici qüvvələrin əlində “Turan layihəsi”ni sabotaj etmək üçün mühüm alətə çevirir”.
Sabiq xarici işlər naziri Ermənistanın Moskva ilə sərgilədiyi nümayişkaranə gərginliyə də toxunub. O qeyd edib ki, bu "küsülülük" ikitərəfli ticarət dövriyyəsini maskalamaq üçün səhnələşdirilir. Məlumatlara görə, Rusiya və Ermənistan arasındakı illik ticarət dövriyyəsi Ermənistan ÜDM-nin təxminən 40-50%-nə bərabərdir. Moskva ilə gərginlik şousu isə sanksiyalardan yayınan ticarət dövriyyəsini Qərbin gözündən gizlətməyə xidmət edir.

Tofiq Zülfüqarov Baş nazir Paşinyanın daxili və xarici siyasətdəki manevrlərini də kəskin tənqid edib: “Paşinyanın referendum keçirmək üçün lazımi səsləri toplamaması və ya bilərəkdən prosesi ləngitməsi sülh sazişinin imzalanmasına imkan verəcək konstitusiya dəyişikliyindən qaçmaq taktiki gedişidir. Paşinyanın Zəngəzurda "Andranikin sevimli dağlarına" dırmaşması, Göyçə gölündə üzməsi və taxdığı saxta nişanlar nümayişkaranə xarakter taşıyır. O yaxşı bilir ki, Azərbaycan, Rusiya və Makronun delimitasiya üçün yalnız SSRİ Baş Qərargahının 1975-ci il xəritələrini əsas götürmək təklifini rədd edib. Paşinyan sülh sazişində ərazi bütövlüyünün tanınmasının güya yalnız 1975-ci il xəritələri ilə çərçivələndiyi feykini yayır, eyni zamanda müxalifətin Qarabağdakı "mədəni irs" haraylarını pərdə arxasından qızışdırır. Azərbaycanın Ermənistana yanacaq tədarükü jestinə qarşılıq olaraq, Paşinyan ABŞ-nin “907-ci düzəlişi”nin ləğvi üçün heç bir addım atmır”.
Tofiq Zülfüqarov vurğulayır ki, bütün bu faktlar Ermənistan rəhbərliyinin sülh prosesini uzatmaq, Cənubi Qafqazda yeni gərginlik ocaqları saxlamaq və revanşizm ideyalarını pərdəarxası yaşatmaq niyyətində olduğunu açıq şəkildə sübut edir.
Belə görünür ki, Paşinyan da Ermənistanın sabiq rəhbərləri, uşaq qatilləri Robert Köçəryan və Serj Sarkisyanın tayı imiş...
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər