ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyi ilə bağlı məlumatlar Yaxın Şərqdə gərginliyi yenidən artırıb. “Fox News”un Ağ Evdəki mənbələrinə istinadən yaydığı xəbərə görə, noyabrın 9-da mümkün hücum ssenarisi müzakirə olunur. Bu iddia fonunda bir sıra suallar aktuallaşıb: Donald Tramp həqiqətən də hərbi əməliyyatların bərpası barədə qərar verə bilərmi? ABŞ-ın İrana zərbələri hansı nəticələrə gətirib çıxarar? Belə bir ssenari regionda daha genişmiqyaslı müharibəyə yol açacaqmı?
Mövzunu "Azpolitika"ya şərh edən Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, hərbi əməliyyatların bərpası ehtimalı gündəmdədir:

"Nəzərə alsaq ki, həm İsraildə, həm də ABŞ-də keçirilən seçkilərin nəticələri mümkün hücum ssenariləri baxımından xüsusi əhəmiyyət kəsb edir. İranın seçkilərin nəticələrini bayram kimi qeyd etməsini daha çox strateji müstəvidə informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirirəm. İsraildə seçkilərin nəticələri ilə bağlı hələlik yekun qənaətə gəlmək tezdir. Belə ki, yeni hökumətin formalaşdırılması üçün siyasi qüvvələr arasında uzunmüddətli danışıqlar aparılması zərurəti yarana bilər. Netanyahu isə siyasi mövqeyinə və ideoloji baxışlarına görə ifrat sağçı xəttin təmsilçisi kimi tanınır. Xüsusilə, Fələstin və İran məsələlərində sərt mövqe nümayiş etdirir. Digər tərəfdən, Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır və onun prezidentlik səlahiyyətlərinin başa çatmasına müəyyən vaxt qalır. Bu baxımdan seçkilərdə məğlubiyyətlə üzləşən Trampın xarici siyasətdə daha aqressiv mövqe tutması ehtimalı da istisna edilmir. Diqqətçəkən digər məqam Tramp və vitse-prezident Cey Di Vens arasında fikir ayrılıqlarının mümkün qarşıdurma kimi təqdim olunmasıdır. Bu vəziyyət Trampın hazırda daha qətiyyətli mövqe tutduğu və hərbi əməliyyatların bərpasında maraqlı olduğu barədə mülahizələrə yol açır. Bununla belə, Trampın seçkilərdəki məğlubiyyətinin onun bundan sonrakı qərarlarına, xüsusilə İranla bağlı siyasətinə necə təsir edəcəyini indidən dəqiq söyləmək mümkün deyil".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər