Menu

ABŞ TARİXİNİN İLK MÜSƏLMAN SENATORU - Əbdül əl-Səid kimdir?

06.11.2026, 11:08
ABŞ TARİXİNİN İLK MÜSƏLMAN SENATORU - Əbdül əl-Səid kimdir?

ABŞ Senatına seçilən ilk müsəlman senator Əbdül əl-Səid şəxsi xarakteri və siyasi fəaliyyəti ilə xüsusi diqqət çəkir. Onun erməni lobbisinə dəstəyi, Azərbaycana hərbi yardıma qarşı mövqeyi və İsrailə maliyyə yardımının dayandırılması çağırışı bu şəxsin dosyesini bizim üçün də maraqlı edir.

Bəs ilk müsəlman senator olan Əbdül əl-Səid kimdir? 

"AzPolitika" xəbər verir ki, ABŞ-da keçirilən aralıq seçkilərin diqqətçəkən nəticələrindən biri Miçiqan ştatından demokrat Əbdül əl-Səidin Senata seçilməsi olub. Misir əsilli amerikalı siyasətçi ABŞ tarixində Senata seçilən ilk müsəlman kimi təqdim edilir. Lakin onun qələbəsi yalnız dini mənsubiyyət deyil, siyasi mövqeləri və seçki kampaniyası zamanı arxalandığı qüvvələr baxımından da diqqət çəkir.

Əl-Səidin ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasını müdafiə etməsi, Fələstin məsələsində tutduğu mövqe və xüsusilə Azərbaycanla bağlı açıqlamaları onun siyasi gündəliyini müzakirə mövzusuna çevirib. Diqqətçəkən məqamlardan biri isə erməni diasporunun ABŞ-dakı əsas lobbi təşkilatlarından biri olan Amerika Erməni Milli Komitəsinin (ANCA) ona açıq dəstək verməsidir.

Beləliklə, Əbdül əl-Səidin Senata gəlişi ABŞ-dakı müsəlman icması üçün tarixi hadisə olmaqla yanaşı, erməni lobbisinin Vaşinqtondakı siyasi təsir imkanları və Azərbaycanla bağlı mövqelər baxımından da əhəmiyyət daşıyır.

Əl-Səid kimdir və necə qalib gəldi?

42 yaşlı Əbdül əl-Səid Miçiqanda misirli mühacirlərin ailəsində dünyaya gəlib. Həkim və ictimai səhiyyə mütəxəssisi olan siyasətçi əvvəllər Detroit şəhərinin səhiyyə idarəsinə rəhbərlik edib. O, 4 avqust 2026-cı ildə Demokratlar Partiyasının ilkin seçkilərində qalib gələrək partiyanın namizədinə çevrilib. Noyabrın 3-də keçirilən ümumi seçkilərdə isə respublikaçı Mayk Rocersi məğlub edib. Beləliklə, ABŞ Senatına seçilən ilk müsəlman olub. Əl-Səidin seçki proqramının əsas istiqamətləri səhiyyə xidmətlərinin genişləndirilməsi, universal tibbi sığorta, yaşayış xərclərinin azaldılması və böyük şirkətlərin siyasətə təsirinin məhdudlaşdırılması olub. 

Lakin onun namizədliyi ətrafında müzakirələr təkcə daxili sosial siyasətlə məhdudlaşmayıb. İsrail, Fələstin, İran və Azərbaycanla bağlı mövqeləri də seçki kampaniyasının mühüm mövzularından birinə çevrilib. 

Əl-Səidlə bağlı Azərbaycan ictimaiyyəti üçün ən mühüm məsələlərdən biri onun erməni diasporunun siyasi təşkilatları ilə münasibətləridir. 2026-cı il oktyabrın 1-də Amerika Erməni Milli Komitəsi (ANCA) Əbdül əl-Səidə dəstək verdiyini rəsmən açıqlayıb. Təşkilatın yaydığı məlumatda onun erməni xalqının təhlükəsizliyi, öz müqəddəratını təyinetmə hüququ və Ermənistanın maraqlarının müdafiəsi istiqamətində vədlər verdiyi bildirilib. 

Burada Amerika Erməni Milli Komitəsinin siyasi kimliyi ilə bağlı mühüm məqam var. Təşkilatın özü erməni-amerikalıların maraqlarını müdafiə edən lobbi qurumu kimi fəaliyyət göstərdiyini bildirir. Bununla yanaşı, Ermənistan İnqilabi Federasiyası – "Daşnaksütyun" öz rəsmi materiallarında Amerika Erməni Milli Komitəsi ilə sıx əməkdaşlıq etdiyini açıq şəkildə qeyd edir. Akademik araşdırmalarda da Amerika Erməni Milli Komitəsi ABŞ-dakı "Daşnaksütyun" siyasi şəbəkəsinin əsas lobbi strukturu kimi xarakterizə olunub. Bu əlaqə Əl-Səidin seçki kampaniyasına verilən dəstəklə də özünü göstərib.

Səidin Senata seçilməsi onun Azərbaycana münasibətdə səsləndirdiyi fikirlərin artıq ABŞ qanunverici orqanında müzakirə predmetinə çevrilməsi ehtimalını artırır.

Burada birinci mövzu Azərbaycana hərbi yardım məsələsidir. Əl-Səid seçki kampaniyası zamanı ABŞ-nin Azərbaycana hərbi yardımını dayandırmağa çağırıb. Ona görə də, Senatda bu istiqamətdə təşəbbüslərə qoşulması mümkündür. Digər istiqamət Ermənistanın maraqlarının müdafiəsidir. O, Ermənistan xalqının təhlükəsizliyini və öz müqəddəratını təyin etmək hüququnu müdafiə edəcəyinə dair  öhdəlik götürüb. Bu mövqe gələcəkdə Ermənistanın maraqlarına uyğun qanunvericilik təşəbbüslərində özünü göstərə bilər. Eyni zamanda ABŞ-ın Cənubi Qafqaz siyasətində də onun yanaşması özünü büruzə verə bilər. Belə ki, ANCA-nın siyasi gündəliyində Qarabağı tərk etmiş  ermənilərin ölkəmizə qayıdışı məsələləri də yer alır. Əl-Səidin bu mövzulara münasibəti ABŞ-ın regional siyasəti baxımından diqqətlə izlənilməlidir.

Bəlkə də, Əbdül Əl-Səidin ABŞ Senatına seçilməsi dini baxımdan tarixi hadisədir. Ancaq Azərbaycan üçün onun kimliyindən daha çox siyasi mövqeləri əhəmiyyət daşıyır. O, Amerika Erməni Milli Komitəsinin dəstəyini qəbul edib, ABŞ-ın Azərbaycana hərbi yardımını tənqid atəşinə tutub və Ermənistanın maraqlarının müdafiəsinə söz verib. Buna görə də Əl-Səidin Senata gəlişini yalnız ABŞ-də ilk müsəlman senatorun seçilməsi kimi təqdim etmək hadisənin digər siyasi tərəflərini kölgədə qoya bilər.

əsas sual budur: ABŞ Senatında ilk müsəlman senator kimi tarixə düşən Əl-Səid bundan sonra hansı kimliyin və hansı siyasi maraqların müdafiəçisi olacaq?

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol