Menu

RUBİO VƏ BAŞQALARI - Trampın gəmisindən qaçaqaç başlayır?

06.11.2026, 10:04
RUBİO VƏ BAŞQALARI - Trampın gəmisindən qaçaqaç başlayır?

ABŞ Dövlət katibi Marko Rubio 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək üçün vəzifəsindən istefa verə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə "The Independent" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzet qeyd edir ki, Rubionun Respublikaçılar partiyası daxilində prezidentlik yarışındakı əsas rəqibi hazırkı ABŞ vitse-prezidenti J.D. Vance ola bilər.

Qəzetin mənbələri bildirib ki, Rubio daha əvvəl də vəzifəsindən getmək fikrində olub, lakin Respublikaçıların aralıq seçkilərdəki sarsıdıcı məğlubiyyətindən sonra bu ehtimal daha da artıb: "Rubio hazırda Respublikaçılar üçün əsas namizəddir. O, açıq-aydın Vensdən irəlidədir. Lakin o, Dövlət katibi vəzifəsindəikən namizədliyini irəli sürə bilməz və administrasiya ilə hər hansı əlaqə onun perspektivlərinə yalnız zərər verər".

Qəzet onu da qeyd edir ki, Respublikaçıların seçkilərdə məğlubiyyətinin səbəblərindən biri İranla davam edən müharibə olub. Odur ki, Rubio hazırda İslam Respublikası ilə bağlı məsələdə "daha təmkinli rol oynayır" və bu, onun ABŞ prezidentliyinə namizədliyinə kömək edə bilər.

Maraqlıdır ki, bu arada vitse-prezident C.D. Vens də Donald Trampı müharibəyə son qoymaq üçün İranla danışıqlar aparmağa çağırıb. Bu barədə “Axios” məlumat verib. Qeyd olunur ki, Vens bu münaqişənin son dərəcə qeyri-populyar olduğuna inanır.

Nəşr yazır ki, Trampın müşavirlərinin əksəriyyəti Vensin bu mövqeyini dəstəkləyir, lakin prezidentin özü hələ də hərbi əməliyyatları bərpa etməyi düşünür.

Vens özü “X”-də yazıb ki, Tramp administrasiyası indi İranla müharibəyə son qoymağa və amerikalıların dəstəyini bərpa etmək üçün İsraillə münasibətləri yenidən nəzərdən keçirməyə diqqət yetirməlidir.

Bu arada Dövlət katibinin istefaya hazırlaşdığı barədə xəbərlərə Rubionun düşərgəsindən təkzib gəlib. “ABŞ Dövlət katibi Marko Rubionun vəzifəsindən getmək niyyəti yoxdur və bu barədə yayılan hər hansı bir məlumat yalandır”.

Bunu “X”-də Dövlət katibinin İctimaiyyətlə Əlaqələr və Mətbuat üzrə köməkçisi Dilan Conson bildirib.

Buna baxmayaraq, "The Washington Sun" qəzeti artıq Rubionun yerinə keçəcək şəxsin adını da açıqlayıb. Nəşr iddia edib ki, ABŞ-nin Hindistandakı səfiri Serxio Qor Marko Rubionun yerinə yeni ABŞ Dövlət katibi ola bilər. Qor əvvəllər Ağ Evin Kadrların İdarə Edilməsi Ofisinin rəhbəri olub. Nəşr qeyd edib ki, o, Tramp administrasiyasının bütün departamentləri ilə əlaqələr saxlayır və "minlərlə məmurun" yoxlanılmasında və təyinatında əsas rol oynayıb.

Bu arada Tramp komandasını artıq real olaraq tərk edənlər də var. Məsələn, Baş prokuror Todd Blanş elan edib ki, onun müavini istefa verib: "Baş prokuror müavini Harmeet Dhillonun istefasını qəbul etdim... Ona gələcək işlərində uğurlar arzulayırıq".

Media yazır ki, Tramp komandasından qopmaların çoxalacağı gözlənilir. Çünki çoxlarının bu seçkidə gözləmədiyi sarsıdıcı məğlubiyyətin əsas baiskarı kimi məhz Tramp və onun siyasəti göstərilir. Ona görə də gələcək perspektivini düşünən bir çox nüfuzlu Respublikaçılar öz karyeralarının Trampa bağlanmasını istəmirlər.

C.Məmmədli

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol