Menu

ABŞ-İran qarşıdurmasında yeni mərhələ: Tramp seçkilərdən sonra nə edəcək?

23.09.2026, 15:23
ABŞ-İran qarşıdurmasında yeni mərhələ: Tramp seçkilərdən sonra nə edəcək?

Prezidenti Donald Tramp İranla razılaşmanın ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra əldə olunacağını bildirib.

O bildirib ki, qarşıda mühüm qərar qəbul etməlidir. Belə ki, İranla ya onlara yenidən qurulmağa və əvvəlkindən daha güclü ölkəyə çevrilməyə imkan verəcək bir razılaşma əldə olunacaq, ya da İslam Respublikasını məhv edəcək və bunu sürətlə həyata keçirəcək. 

Bəs görəsən, Trampın seçkilərdən sonra İranla razılaşması mümkündürmü? İranın buna reaksiyası necə ola bilər? Ümumiyyətlə, "İslam Respublikasını məhv edəcəm" deməklə Tramp nəyə eyham vurur?

Mövzunu "Azpolitika"ya şərh edən politoloq Taleh Əliyev bildirib ki, ABŞ qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarından sonra Tehranla mühüm razılaşmanın əldə olunacağına dair müəyyən açıqlamalar səsləndirilirdi:

"Hazırda isə İranla ABŞ arasında nə birbaşa, nə də vasitəçilər üzərindən intensiv danışıqlar aparılır. Danışıqlar prosesinin gedişini nəzərə alsaq, sentyabr ayının birinci yarısında müharibənin yenidən başlaması riskinin kifayət qədər yüksək olduğunu demək mümkündür.

Trampın son açıqlaması isə daha çox ritorik və siyasi xarakter daşıyır. Bu açıqlamanı Amerika seçicilərinə ünvanlanan siyasi mesaj kimi də qiymətləndirmək olar. Bununla belə, ABŞ və İran arasında pərdəarxası və ciddi danışıqlar prosesinin aparıldığı barədə məlumatlar mövcuddur.

Bu mərhələdə həm təhdid, həm də qeyri-müəyyənlik qalmaqdadır. Trampın açıqlaması İrana birbaşa hədə-qorxu mesajından daha çox, Amerika seçicilərinə ünvanlanan açıqlama təsiri bağışlayır".

Politoloqun sözlərinə görə, İran məsələsini ABŞ-dəki daxili siyasi proseslər kontekstində də nəzərdən keçirmək mümkündür:

"Xüsusilə, oktyabr ayında, sentyabrın əvvəlində olduğu kimi, İran tərəfindən ABŞ-nin hərbi bazalarına və digər obyektlərinə zərbələr endirilməsi ehtimalı yenidən gündəmə gələ bilər. Belə bir ssenarinin oktyabr ayında da davam etməsi mümkündür.

Bütün hallarda, hazırkı mərhələdə ciddi toqquşmanın baş verməməsi o demək deyil ki, üç noyabrdan sonra ABŞ və İran arasında qarşıdurma tamamilə aradan qalxacaq. Seçkilər başa çatdıqdan sonra da Trampın İrana qarşı hərbi əməliyyatlar məsələsini yenidən gündəmə gətirməsi ehtimalı qalır".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol