Menu

PAŞİNYANA “İQTİSADİ APOKALİPSİS” XƏBƏRDARLIĞI - Ermənistanın gələcək taleyi böyük risk altındadır

24.09.2026, 12:09
PAŞİNYANA “İQTİSADİ APOKALİPSİS” XƏBƏRDARLIĞI - Ermənistanın gələcək taleyi böyük risk altındadır

Hazırda Kreml üçün ən strateji hədəflərdən biri də məhz Rusiyanın Cənubi Qafqazdakı geopolitik mövqelərinin qorunub, saxlanmasıdır... Və bu baxımdan, Kremlin Ermənistana belə asanlıqla, Rusiyaya arxa çevirib, Qərbə üz tutmaq imkanı verəcəyinə inanmaq sadəlövhlük olardı...

Ermənistan-Rusiya qarşıdurmasında geopolitik ziddiyyətlərlə yanaşı, son vaxtlar iqtisadi və enerji sahəsində də yeni gərginlik xətti formalaşmağa başlayıb. Rəsmi İrəvanın Kremllə məsafə saxlamaq cəhdlərinə cavab olaraq, Rusiya Ermənistanda fəaliyyət göstərən şirkətlərinin və strateji iqtisadi maraqlarının qorunmasını getdikcə, daha sərt şəkildə gündəmə gətirir. Kremlin son davranışları isə onu göstərir ki, Ermənistan-Rusiya münasibətlərində iqtisadi ziddiyyətlər artıq yalnız kommersiya mübahisəsi deyil, həm də daha genişniqyaslı geopolitik qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilir.

Onu da qeyd etmək lazımdır ki, Kreml Ermənistanda Rusiya şirkətlərinin maraqlarına yaradılan problemləri indi daha diqqətlə izlədiyini qətiyyən gizlətmir. Yəni, Kreml bu maraqların ciddi şəkildə pozulacağı təqdirdə, Rusiyanın “lazımi reaksiyası”nın özünü çox gözlətməyəcəyinə eyham vurur. Bu baxımdan, Rusiyanın xüsusilə də, “Ermənistan Elektrik Şəbəkələri” ətrafında yaranmış vəziyyətə və “Cənubi Qafqaz Dəmir Yolları”nın konsessiyasının üçüncü ölkəyə satıla biləcəyi ilə bağlı iddialara sərt reaksiyası böyük maraq doğurur. Çünki Kreml rəsmi İrəvana açıq şəkildə mesaj verir ki, Ermənistanın iqtisadi siyasətində Rusiya kapitalının və strateji aktivlərinin statusunun dəyişdirilməsinə yönəlik cəhdlər qətiyyən cavabsız buraxılmayacaq.

Halbuki, rəsmi İrəvan isə bütün bu sərt xəbərdarlıqlara baxmayaraq, Ermənistanın Rusiya ilə mövcud iqtisadi inteqrasiya durumunun gələcəyinə yönəlik daha neqativ məzmunlu mesajlar verməkdə davam edir. Üstəlik, Paşinyan hakimiyyəti Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılmasına imkan verən mexanizmin olmadığını qabartmaqla, gərginliyi daha da artırır. Və bu, Ermənistanın hazırda olduqca ciddi dilemma qarşısında qaldığını da göstərir.

Məsələ ondadır ki, rəsmi İrəvan siyasi baxımdan, Kremllə məsafəni mümkün qədər artırmağa çalışır. Ancaq onu da anlayır ki, Ermənistanın Rusiya ilə bağlı iqtisadi inteqrasiya mexanizmlərindən birdən-birə uzaqlaşması olduqca mürəkkəb prosesdir. Ona görə də, Ermənistanın Rusiya ilə münasibətlərində əsas ziddiyyətlər yalnız Avrasiya İqtisadi İttifaqı və KTMT-da təşkilati üzvlük məsələsi ilə bağlı deyil. Və indi əsas mübarizə məhz bu qurumlara üzvlüyün Ermənistan üçün yaratdığı həm hərbi-siyasi, həm də iqtisadi-ticari asılılıqlar, eləcə də qazanılan paralel gəlir imkanları üzərində gedir.

Maraqlıdır ki, xüsusilə də, enerji sahəsi Rusiya və Ermənistan arasında qarşılıqlı asılılığın ən həssas istiqamətlərindən biri hesab olunur. Belə ki, Ermənistan iqtisadiyyatının Rusiya təbii qazından asılılığına paralel olaraq, Kremlin indiki “yumşaq qiymət siyasəti”ndə mümkün dəyişikliklər rəsmi İrəvan üçün ciddi sosial-iqtisadi kataklizmlər yarada bilər. Ona görə də, Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan Rusiya təbii qazının qiymətində artımın olacağı təqdirdə, ölkə iqtisadiyyatında dağıdıcı təsirlərin qaçılmazlığını ön plana çəkir. Onun fikrincə, belə vəziyyətdə inflyasiya yüksələcək, “iqtisadi apokalipsis” ehtimalı yaranacaq və Mərkəzi Bank isə standart tədbirlərdən kənara çıxaraq, “qeyri-standart” reaksiya verməyə məcbur qalacaq.

Göründüyü kimi, Paşinyan hakimiyyəti artıq Rusiya ilə mövcud geopolitik qarşıdurmanın iqtisadi zərbələrini də hesablamağa başlayıb. Çünki Rusiyadan idxal olunan enerji resursları üzrə tariflərdə neqativ dəyişikliklər Ermənistranda yalnız istehlakçılar üçün kommunal xərclərin artması demək deyil. Belə ki, təbii qazın bahalaşması elektrik enerjisinin istehsalından sənayeyə, nəqliyyatdan məişət sektoruna qədər genişmiqyaslı “iqtisadi zəncir” üzrə əlavə xərcləri qaçılmaz edə bilər. Və bu, sonrakı mərhələdə inflyasiya, eləcə də iqtisadi aktivliyi boğan prosesin başlanma təhlükəsi deməkdir.

Məhz ona görə də, rəsmi İrəvan son vaxtlar Ermənistan üçün mümkün alternativ enerji mənbələri ilə bağlı məsələni daha tez-tez gündəmə gətirməyə başlayıb. Belə ki, rəsmi İrəvanın təbii qaz idxalının coğrafiyasını genişləndirmək imkanlarını artıq nəzərdən keçirdiyi və Ermənistan üçün potensial yeni qaynaqlar arasında Azərbaycan, İran və Türkiyənin də yer aldığı bildirilir. Və bu istiqamət isə Ermənistanın enerji siyasətində önəmli dəyişikliklər ehtimalını daha qabarıq şəkildə biruzə vermiş olur.

Digər tərəfdən, Ermənistanın Rusiya təbii qazından asılılığının azaldılması yalnız enerji təhlükəsizliyi məsələsi deyil, həm də rəsmi İrəvanın xarici siyasətdə manevr imkanlarının genişləndirilmə şansı kimi də qiymətləndirilə bilər. Ancaq alternativ mənbələrin mövcudluğu avtomatik olaraq, Rusiya təbii qazının eyni qiymət və şərtlərlə əvəz edilə biləcəyi anlamına da qətiyyən gəlmir. Hazırda Ermənistanın Rusiyadan təbii qazın 1000 kubmetrini təxminən 177,5 dollara aldığı bildirilir. Avropa bazarında isə təbii qazın qiymətləri müəyyən dövrlərdə bunun dəfələrlə üzərinə çıxa və ayrı-ayrı vaxtlarda 1000 kubmetr üçün təxminən 1000 dollara qədər yüksələ bilir. Və bu böyük qiymət fərqi rəsmi İrəvanın qarşısındakı seçimin yalnız siyasi deyil, həm də ciddi maliyyə-iqtisadi hesablamalar tələb etdiyini də göstərir.

Eyni zamanda, Azərbaycan, İran və Türkiyədən mümkün təbii qaz tədarükünün hansı həcmdə və hansı qiymətlərlə reallaşdırıla biləcəyi isə ayrıca müzakirə mövzusudur. Üstəlik, Ermənistan üçün alternativ enerji marşrutlarının yaradılması yeni infrastruktur, müqavilələr və regional siyasi razılaşmalar da tələb edə bilər. Və ona görə də, Rusiya ilə enerji münasibətlərinin sürətlə dəyişdirilməsinin Ermənistan üçün həm geopolitik, həm də geoiqtisadi risklər yarada biləcəyi qətiyyən istisna deyil.

Əslində, bu situasiyaya Ermənistanın dövlət büdcəsi ilə bağlı vəziyyəti də əlavə etmək lazımdır. Belə ki, 2026-cı il üçün dövlət büdcəsi kəsirinin 536 milyard dram, yəni, ÜDM-in təxminən 4,5 faizi səviyyəsində planlaşdırılması rəsmi İrəvanın maliyyə üzrə manevr imkanlarının çox məhdud olduğunu göstərir. Enerji qiymətlərinin artması ilə yanaşı, inflyasiya və iqtisadi aktivliyin zəifləməsi isə Ermənistanın dövlət büdcəsindəki “yırtıqları” daha da genişləndirə bilər. Və bütün bunlar o deməkdir ki, Kremlin orbitindən uzaqlaşmağa çalışan Ermənistanın qarşısında hələ də Rusiya ilə bağlı enerji, nəqliyyat və iqtisadi əlaqələrin yaratdığı qaşılmaz riskli reallıqlar dayanır.

Belə anlaşılır ki, qarşıdurma dərinləşdikcə, enerji tarifləri, strateji şirkətlərin statusu, dəmir yolu infrastrukturu və Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əlaqələr Kremlin Ermənistana qarşı əsas təzyiq mexanizmlərinə çevrilə bilər. Çünki hazırda Kreml üçün ən strateji hədəflərdən biri də məhz Rusiyanın Cənubi Qafqazdakı geopolitik mövqelərinin qorunub, saxlanmasıdır. Və bu baxımdan, Kremlin Ermənistana belə asanlıqla, Rusiyaya arxa çevirib, Qərbə üz tutmaq imkanı verəcəyinə inanmaq sadəlövhlük olardı.

Analitik xidmət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol