Son həftələrdə Rusiyanın NATO-ya mümkün hücumu ilə bağlı müzakirələr Avropanın hava məkanında baş verən bir sıra insidentlər və təxribatlar fonunda daha da intensivləşib.
Nüfuzlu “Tayms” nəşri yazır ki, avropalı rəsmilərin əksəriyyəti Moskvanın genişmiqyaslı quru hücumuna hazırlaşdığını düşünmür. Ancaq əks fikirlər səsləndirənlərin sayı da az deyil.
Bəs indiki məqamda Rusiyanın NATO ilə müharibəsi mümkündürmü və bu, baş versə dünyanı hansı ssenari gözləyə bilər?
Mövzunu "Azpolitika"ya şərh edən politoliq Əli Mustafa deyib ki, burada əsas məqsəd müharibə istəməkdən daha çox qarşı tərəfi qorxutmaq ola bilər:
"Baş verənlər onu deməyə əsas verir ki, Rusiya ilə Avropa arasında ciddi maraq toqquşması mövcuddur. Tərəflərin dünya düzəni ilə bağlı baxışlarında ciddi fərqlər və ziddiyyətlər var. Odur ki, onların arasında birbaşa savaşın baş verməsi ehtimalını istisna etmək mümkün deyil. Lakin konkret olaraq bunun nə zaman baş verəcəyini və hadisələrin hansı formada inkişaf edəcəyini əvvəlcədən söyləmək çox çətindir.
Hazırda baş verən hadisələrə, eyni zamanda həm Rusiyanın, həm də Avropanın müharibəyə hazırlıq prosesinə nəzər saldıqda görürük ki, bu istiqamətdə müəyyən informasiyalar getdikcə daha çox səslənir. Amma bütün bunları birbaşa müharibəyə hazırlıq kimi qiymətləndirmək də doğru olmaz.
Digər tərəfdən, Rusiyanın mövqeyindən də məsələyə baxmaq lazımdır. Rusiya tərəfi Avropa ilə müharibə vəziyyətində müəyyən nəticələr əldə etməyin mümkün olacağını düşünə bilər. Eyni zamanda Avropada da Rusiyanın mümkün addımları ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
Belə bir qarşıdurmanın baş verməsi halında isə bunun nəticələrinin çox ağır olacağı gün kimi aydındır. Ona görə də hazırda tərəflərin atdığı addımların əsas məqsədinin müharibəyə hazırlıq, yoxsa qarşı tərəfi çəkindirmək olduğunu dəqiq müəyyənləşdirmək çətindir".
Politoloqun sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, Rusiya ilə Avropa arasında siyasi və geosiyasi ziddiyyətlər kifayət qədər dərinləşib. Bu isə gələcəkdə münasibətlərin daha da gərginləşməsi riskini artırır.
Günəş Fərəh
Azpolitika.info


Şərhlər