Menu

QAFQAZIN YENİ XƏRİTƏSİNİ KİM ÇƏKƏCƏK? - Azər Rəşidoğlunun YAZISI

29.09.2026, 11:12
QAFQAZIN YENİ XƏRİTƏSİNİ KİM ÇƏKƏCƏK? - Azər Rəşidoğlunun YAZISI

Xəritəyə baxanda ilk gördüyümüz sərhəddir- bir xətt. Bir rəngin bitdiyi, o birinin başladığı yer. Amma xəritələr heç vaxt yalnız xətt çəkmir. Onlar yaddaş yaradır, siyasi iddiaları əks etdirir, bəzən də münaqişələrin izlərini daşıyır. Bir kəndi bir rəngdən digərinə keçirir, bir yolu bağlayır, başqa bir yolu açır.

Borxesin “Alef”ində dünyanın bütün mənzərələri kiçik bir nöqtəyə sığır. Qafqaza baxanda bu obrazı xatırlamamaq çətindir. Bu kiçik coğrafiyada bəzən bir xəttin içində bir əsrin tarixi gizlənir. Dağın adı, çayın istiqaməti, dəmir yolunun keçdiyi yer bir gün siyasi arqumentə çevrilir. Bəlkə də Qafqazın əsas sirri elə budur: burada xəritə heç vaxt sadəcə xəritə olmayıb.

İmperiyaların xəritəsi – 1918

1918-ci ildə imperiyalar dağılırdı. Rusiya imperiyası əvvəlki Rusiya deyildi. Osmanlı imperiyası son günlərini yaşayırdı. Cənubi Qafqazda yeni dövlətlər yaranırdı. Xəritə yenidən çəkilirdi. Sərhədlər hələ donmamışdı. Bir kəndin hansı dövlətə aid olması bəzən diplomatik masada, bəzən də döyüş meydanında həll olunurdu.

1920-ci ildə Sevr müqaviləsinin 89-cu maddəsi Türkiyə-Ermənistan sərhədinin müəyyənləşdirilməsini ABŞ prezidenti Vudro Vilsonun arbitrajına həvalə edirdi. Vilson 22 noyabr 1920-ci ildə sərhədlə bağlı qərarını təqdim etdi; qərarda Ermənistan üçün dənizə çıxış məsələsinə də toxunulurdu. Xəritə artıq coğrafiya kitabının səhifəsi deyildi. Xəritə siyasətin alətinə çevrilmişdi.

Sovet xəritəsi

Sonra bolşeviklər gəldi. İmperiya dəyişdi, xəritə problemi isə bitmədi. 1920-ci illərdə Cənubi Qafqazın inzibati quruluşu yenidən formalaşdırıldı. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibində yaradılması da həmin sovet inzibati-siyasi prosesinin nəticələrindən biri oldu. Sovet sistemi problemi həll etmədi. Sadəcə onu başqa inzibati çərçivəyə saldı və uzun müddət dondurdu. Dondurulmuş münaqişə isə yox olmur. Sadəcə siyasətin gündəliyindən çıxıb tarixin yaddaşına keçir.

Sərhədlərin beynəlmiləlləşməsi

Sovet xəritəsi sakit görünürdü. Respublikalar, muxtar qurumlar, rayonlar, yollar, dəmir yolları... Bakı, İrəvan və Tiflis eyni dövlətin şəhərləri idi. Respublika sərhədləri SSRİ daxilində olduğundan bugünkü mənada beynəlxalq sərhəd kimi qəbul edilmirdi. Sonra imperiya dağıldı. Dünən daxili inzibati xətt olan şey bu gün beynəlxalq sərhədə çevrildi. Siyasi sistem dəyişəndə xəttin mənası dəyişir. Bəzən isə xətt özü yerində qalır.

1990-cı illər- bağlı yolların xəritəsi

Sonra Ermənistan-Azərbaycan münaqişəsi genişmiqyaslı müharibəyə çevrildi və regionun xəritəsində köklü dəyişikliklər yaratdı. 1990-cı illərdə Azərbaycanın ərazilərinin bir hissəsi Ermənistanın və Ermənistanın dəstəklədiyi qüvvələrin nəzarətinə keçdi. Kommunikasiya xətləri bağlandı, yaşayış məntəqələri əvvəlki iqtisadi və nəqliyyat əlaqələrindən ayrı düşdü. Xəritədə iki nöqtəni birləşdirən yol gerçək həyatda keçilməz məsafəyə çevrildi.

Qafqazın paradoksu belə idi – coğrafiya yaxınlaşdırdı, münaqişə uzaqlaşdırdı.

2020-dən sonra - ərazidən kommunikasiyaya

2020-ci ildən sonra regionda yeni reallıq yarandı. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə xəritənin siyasi mənası da dəyişdi. Amma əsas sual artıq yalnız “kim hansı əraziyə nəzarət edir?” deyildi.Yeni sual meydana çıxdı - Bu ərazilər bir-biri ilə necə əlaqə quracaq? Xəritənin üzərinə yeni sözlər yazıldı - dəhliz, kommunikasiya, tranzit, logistika. Əvvəl ərazi əsas idi. İndi kommunikasiya xətti də ərazi qədər siyasi əhəmiyyət daşıyır.

Yeni xəritə - yollar

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə imzalanmış Birgə Bəyannamə regionda kommunikasiya məsələsini yenidən gündəmin mərkəzinə gətirdi. Sənəddə Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının yaradılması və kommunikasiyaların dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında açılması nəzərdə tutulur.

Burada artıq başqa bir məntiq başlayır. Gələcəyin xəritəsində məsələ yalnız torpağın kimə aid olması deyil. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolun haradan keçməsi və hansı hüquqi rejimlə işləməsi də geosiyasi məsələdir. Çünki yol bəzən torpaqdan daha uzunömürlü olur.

İmperiyalar dağılır. İttifaqlar dəyişir. Amma dəmir yolu, magistral, liman və enerji xətti onilliklər boyu dövlətlərin davranışına təsir edə bilər.

Ona görə gələcəyin Qafqaz xəritəsində sərhədlər qədər başqa xətlər də vacib olacaq - dəhlizlər.

Xəritə nə qədər həqiqətdir?

Ən böyük səhv xəritəni reallığın özü hesab etməkdir. Xəritədə sərhəd görünür, həmin sərhədin o tayında yaşayan insanın yaddaşı yox. Xəritədə yol görünür, o yolun keçdiyi kəndin xatirəsi yox. Ərazi bir rənglə boyanır, həmin rəngin altında neçə nəsil insanın həyatının olduğu görünmür. Ona görə hər xəritə bir seçimdir. Nəyi göstərmək, nəyi göstərməmək seçimidir.

Siyasi tarixdə əsas suallardan biri də budur- kimin xəritəsi həqiqət kimi qəbul ediləcək? Qafqazın xəritəsinə kim baxır?

Bu gün Bakı, Ankara, İrəvan, Tehran, Moskva və Vaşinqton Qafqazın gələcəyinə eyni xəritədən baxmır. Hər paytaxtın öz təhlükəsizlik, kommunikasiya, iqtisadi və geosiyasi prioritetləri var. Amma hamısının qarşısında eyni coğrafiya dayanır.

Məhz buna görə Qafqazda siyasət heç vaxt yalnız siyasət olmayıb. Burada coğrafiya siyasətin səssiz tərəfdaşıdır. Bəzən isə ən güclü tərəfdaşı. Bəlkə də Qafqazın gələcəyini anlamaq üçün yeni xəritə axtarmağa ehtiyac yoxdur. Köhnə xəritələrə daha diqqətlə baxmaq lazımdır. 1918-ci ilin xəritəsinə. Sovet xəritəsinə. 1990-cı illərin xəritəsinə. 2020-dən sonrakı xəritəyə. Və bu gün çəkilməkdə olan yolların xəritəsinə.

Çünki xəritələr yalan danışmır. Sadəcə həqiqətin hamısını demirlər. Hər xəritə öz dövrünün həqiqətidir.

Qafqazın əsas sualı da budur- sabah bizim əlimizdə hansı xəritə olacaq -bugünkü sərhədlərin xəritəsi, yoxsa sabahın yollarının xəritəsi?

Tarix göstərir ki, xəritələr dəyişəndə əvvəlcə kağız dəyişir. Sonra siyasət. Sonra həyat. Bəzən isə əvvəlcə həyat dəyişir və xəritə sadəcə onun arxasınca gəlir.

Qafqazın yeni xəritəsi də kağız üzərində çəkilməyəcək. Əvvəl onu siyasət çəkəcək. Sonra yollar. Nəhayət, zaman onun həqiqətini yoxlayacaq…

Azər Rəşidoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol