Son günlər Ukrayna ilə Cənubi Koreya arasında əsl diplomatik savaş yaşanır. Səbəb ötən il Rusiyanın Kursk vilayətində Ukrayna ordusu tərəfindən əsir götürülən iki Şimali Koreya əsgərinin taleyidir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT-dəki son çıxışı zamanı iki Şimali Koreya hərbi əsirinin Cənubi Koreyaya təhvil verildiyini açıqalması Kiyevlə Seul arasında diplomatik qalmaqala səbəb olub. Cənubi Koreya Ukraynanın iki ölkə arasında bu məsələ ilə bağlı əldə edilən məxfilik sazişini pozduğunu iddia edib. Ukrayna isə belə bir sazişin mövcudluğunu təkzib edir.
Ukrayna qoşunları 2025-ci ilin yanvar ayında Şimali Koreyanın Moskva tərəfində döyüşmək üçün göndərdiyi hərbçilərdən ikisini əsir götürüb. Əsir götürüldükdən sonra onların hər ikisi Cənubi Koreyaya verilmələrini istəyiblər. Cənubi Koreya öz növbəsində Şimali Koreyalıları öz vətəndaşları hesab edir və onları qəbul etməyə hazırdır. İyul ayında Volodimir Zelenski və Cənubi Koreya Prezidenti Li Çje Myunq əsgərlərin "azad iradəsinə" hörmət etməklə bu məsələni həll etmək barədə razılığa gəliblər. Bu ayın əvvəlində isə həmin iki hərbi əsir üçüncü ölkə vasitəsilə Cənubi Koreyaya gətirilib.
Seul iddia edir ki, Kiyevin özü də hərbi əsirlərin köçürülməsinin gizli saxlanılmasını istəyib. Səbəb onların özlərinin və Şimali Koreyada qalan ailələrinin təhlükəsizliyi məsələsidir. Cənubi Koreya məxfiliyi qoruduğunu bildirib. Lakin BMT Baş Assambleyasındakı çıxışı zamanı Zelenski gözlənilmədən Ukraynanın iki Şimali Koreya hərbi əsirini Koreya Respublikasına göndərdiyini açıqalyıb.
Bundan sonra Cənubi Koreya Prezidenti Li Ce Myonq Ukraynanın "məxfilik müqaviləsini" pozduğunu bildirib və buna təəssüfləndiyini qeyd edib.
Lakin Zelenskinin müşaviri Dmitri Litvin belə bir razılaşmanın olmadığını bəyan edib. Cənubi Koreya Prezidenti ofisi isə Kiyevin açıqlamasını "yalan" adlandırıb və Ukraynanın hərəkətlərinin iki hökumət arasında "etimadı ciddi şəkildə sarsıtdığını" bildirib.
Cənubi Koreya Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağıraraq, iki ölkə arasında "aydın bir anlaşma" olduğunu bildirsə də, bu razılaşmanın yazılı şəkildə rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi məsələsi açıq qalır. Ukrayna tərəfi belə bir yazılı razılaşmanın olmadığını bildirir. Cənubi Koreya XİN isə yalnız hər iki tərəfin "bu məsələni məxfi şəkildə nəzərdən keçirmək qərarına gəldiyini" qeyd edir və ortaya hər hansı rəsmi yazılı sənəd qoymur.
Bəs Zelenski bu əsir ötürülməsini BMT tribunasından niyə bəyan edib? Əksər müşahidəçilərin fikrincə, bu, Şimali Koreyaya və onun liderinə ciddi siyasi və mənəvi zərbə vurmaq üçün edilib. Şimali Koreya hələlik məsələ ilə bağlı heç bir açıqlama vermir və susmağa üstünlük verir. Məsələ ondadır ki, Şimali Koreyadakı rejim öz hərbçilərinin əsir düşməsini ideoloji baxımdan olduqca mənfi qarşılayır. Əsir düşmək əvəzinə intihar edən əsgərlərini isə “göylərə qaldırır”. Ona görə də, mütəxəssislərin qeyd etdiyi kimi, sağ qalan və Cənubi Koreyanı seçən iki əsgərin köçürülməsi Pxenyan üçün "ölümcül zərbə"dir. Gözlənilir ki, Şimali Koreyadakı rejim “qəhrəmanlıq hekayəsi”ni korlamamaq üçün bu əsir köçürülməsilə bağlı məlumatı ölkə daxilində açıqlamayacaq.
Lakin bütün bu hadisələrin Ukrayna üçün ciddi mənfi tərəfi var. Baxmayaraq ki, müharibədən əvvəl Rusiya Cənubi Koreyanın ən böyük ticarət tərəfdaşlarından biri idi, müharibə başlayan kimi Seul Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulub və iyul ayında Ukraynaya 100 milyon dollarlıq yardım paketi vəd edib. İndi isə bu dəstək ciddi sual altına düşür. Artıq Cənubi Koreya parlamentində “Ukraynanı dəstəkləmək üçün heç bir səbəb və ya ehtiyac olmadığını" deyirlər. Bu isə Kiyevin kifayət qədər güclü və önəmli tərəfdaşlarından birini itirməsi anlamına gəlir…
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər