Xaləddin İbrahimli,
professor
Giriş əvəzi: Məktubda Dostoyevskinin ölümün burnundan döndüyü və bu səbəbdən dərin eyforiya, qarışıq sevinc duyğuları girdabına düşdüyü açıq hiss edilir. Məktubda doğmalarına yönəlik sevgi ifadələri, başqalarını az maraqlandıran və ya heç maraqlandırmayan cümlələr çoxdur. Ancaq bir epizodda Dostoyevski iki-üç kiçik cümlə ilə özünü xatırladır. Bu yazı həmin o iki-üç cümlənin üzərində qurulub. Oxucu üçün də həmin cümlələrin maraq doğuracağına əminəm.
1849-cu il dekabrın 22-də Fyodor Dostoyevski ölümə hazır idi. Petraşevski dərnəyində iştirakına görə ölüm cəzasına məhkum edilmişdi. Həmin səhər digər məhbuslarla birlikdə Peterburqdakı Semyonovski meydanına aparıldı. Hökm oxundu, məhbuslara ağ köynəklər geyindirildi, ilk üç nəfər dirəklərə bağlandı, Dostoyevski altıncı idi. Özünün sonralar yazdığı kimi, yaşamağına cəmi bir neçə dəqiqə qaldığını düşünürdü. Son anda edam dayandırıldı və ölüm hökmünün katorqa ilə əvəz edildiyi elan olundu.
Elə həmin gün Dostoyevski qardaşı Mixailə məktub yazdı. Bu məktub ölümün tam yanından qayıtmış bir insanın həyata ilk dəfə baxırmış kimi yazdığı etirafdır. Orada qəribə bir şey baş verir: ölüm haqqında danışan adam əslində həyatdan bəhs edir.
Dostoyevski yazır: “Keçmişə baxanda və düşünəndə ki, nə qədər vaxtı boş yerə sərf etmişəm; nə qədər vaxt yanılmalara, səhvlərə, avaralığa, YAŞAMAĞI BACARMAMAĞA gedib; həyatı necə qiymətləndirməmişəm; neçə dəfə öz ürəyimə və ruhuma qarşı günah etmişəm — ürəyim qan ağlayır.” Ardınca həyatı mədh edir: “Həyat bir hədiyyədir, xoşbəxtlikdir. Hər bir dəqiqə bütöv bir xoşbəxtlik əsrinə çevrilə bilərdi.” Və fikrini fransızca üç sözlə tamamlayır: “Si jeunesse savait!” — Kaş gənclik biləydi!
Əslində bu, təkcə gəncliyə deyilmiş söz deyil. Bu, insanın faciəsinə verilmiş qısa addır. İnsan yaşamağı bacardığını düşünür. Halbuki yaşamaq da öyrənilən bir sənətdir. Gözəl pianino çalmağı öyrənmək qədər çətin bir sənət. Bizə işləmək, pul qazanmaq, yarışmaq, uğur əldə etmək öyrədilir, amma vaxtın necə yaşanacağı çox az öyrədilir. Ona görə də insan bəzən ömrünü böyük səhvlərlə deyil, əhəmiyyətsiz şeylərə həddindən artıq əhəmiyyət verməklə itirir.
Bir incikliyi illərlə daşıyır. Başqasının onun haqqında nə düşündüyünü həddindən artıq ciddiyə alır. Özünü başqaları ilə müqayisə edir. Həyatını daim gələcəyə saxlayır: “Bunu da həll edim, sonra yaşayacağam.” Amma həyat “sonra” başlanan bir şey deyil. Həyat, insan başqa bir həyat gözləyərkən keçən vaxtın özüdür.
Dostoyevskinin ölüm qarşısında gördüyü də bu idi. İnsan ölümə yaxınlaşanda dünyanın ölçüləri dəyişir. Dünən böyük görünən şeylər kiçilir, kiçik görünənlər isə birdən böyüyür.
Vəzifə, təkəbbür kiçilir, köhnə mübahisələr mənasızlaşır. Amma sevdiyin adamın səsi gurlaşır, bir səhərin işığı artır, vaxt uzanır. Çünki ölüm insana həyat haqqında yeni bir həqiqət vermir; çoxdan bildiyi, amma ciddi qəbul etmədiyi həqiqəti qəfil görünən edir.
Antik filosofların memento mori — “ölümü xatırla” deməsinin mənası da insanı qorxutmaq deyildi. Ölümü xatırlamaq həyatın ölçüsünü düzəltmək üçündür. Sonlu olduğunu bilən insan nəyin həqiqətən vacib olduğunu daha aydın seçə bilir.
Doğru yaşamaq bəlkə də hər şeyə eyni dərəcədə əhəmiyyət verməməkdir.
Nəyə vaxt sərf etməyə dəyər?
Sevgimizi kimdən əsirgəməməliyik?
Nəyi bağışlamalı, nədən vaz keçməliyik?
Hansı arzularımızı başqalarının fikrinə qurban verməməliyik?
Yaşamaq sənəti bu suallara verilən cavablardan yaranır. Çünki insanın ən böyük itkisi həmişə ölüm deyil. Bəzən insan yaşayır, amma öz həyatının içində iştirak etmir. Başqalarının gözləntiləri, qorxuları, müqayisələri və təxirə saldığı arzular arasında illər keçir. Sonra bir gün vaxtın sonsuz olmadığını anlayır. Məhz həmin anda “kaş” sözü başlayır. Kaş daha çox sevəydim; kaş daha az qorxaydım; kaş o qədər inciməyəydim; kaş həyatımı sonraya saxlamayaydım.
Bəlkə ölümqabağı insanı ən çox sarsıdan ölümün özü deyil. Yaşaya biləcəyi halda yaşamadığı həyatdır. Dostoyevskiyə bunu anlamaq üçün edam meydanı lazım oldu. Bizim isə belə bir meydana ehtiyacımız yoxdur və olmamalıdır. Çünki həyatın dəyərini anlamaq üçün onun əlimizdən alınmasını və ya əldən getməsini gözləmək çox baha başa gələn, geri dönüşü olmayan bir dərsdir. Doğru yaşamaq — ölməyəcəyimizi düşünərək yaşamaq deyil; bir gün öləcəyimizi bilə-bilə həyatı sonraya saxlamamaqdır. Məncə, ömrün sonunda insanın özünə verdiyi son sual da “Nə qədər yaşadım?” olmayacaq. “Mənə verilən həyatın içində gerçəkdən nə qədər var idim?” olacaq...
“AzPolitika.info”


Şərhlər