Payız-qış mövsümünün yaxınlaşması ilə kəskin respirator virus infeksiyaları, o cümlədən mövsümi qripdən qorunma məsələsi yenidən aktuallaşır. Xüsusilə, uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəlikləri olan şəxslər üçün qrip daha ciddi fəsadlara səbəb olur.
Bəs mövsümi xəstəliklərdən, o cümlədən qripdən necə qoruna bilərik? Bununla bağlı tövsiyələriniz nədir?
Mövzunu "Azpolitika" ya şərh edən Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, qrip vaksinin mövcud olması heç kimə sirr deyil:
"Bu vaksin immun sistemini hazırlayır, bir tərəfdən insanı qripdən qorumağa kömək edir, digər yandan isə yoluxma baş verdiyi halda xəstəliyin daha yüngül keçməsinə şərait yaradır. Odur ki, vaksindən istifadə zəruridir. Bununla yanaşı, mövsümə uyğun geyinməmək, külək, yağış, temperaturun dəyişməsi və soyuq hava insanlarda soyuqlama və müxtəlif infeksiyalara yoluxma riskini artırır. Bu zaman orqanizmdə müxtəlif proseslər fəallaşır və yuxarı tənəffüs yollarında iltihab, qripəbənzər infeksiya yarana bilir. Daha sonra həmin şəxslər xəstəliyi digər insanlara da yoluxdururlar. Burada əsas məqsəd yoluxmuş insanların digər şəxslərlə, xüsusilə də risk qrupuna daxil olan insanlarla təmasını məhdudlaşdırması və infeksiyanın yayılmasının qarşısını almasıdır. Maskadan düzgün istifadə etmək vacibdir. Maska burun və ağızı tam örtməlidir. Hər kəs bilməlidir ki, bu tədbirlər həm özünü, həm də ətrafındakı insanları qorumağa xidmət edir. Bir şəxsin yoluxması nəticəsində onun ətrafındakı bir neçə insanın da xəstələnməsi mümkündür. Bu isə son nəticədə daha geniş miqyasda yoluxmalara səbəb ola bilər. Çünki biz bunu hər payız-qış mövsümündə müşahidə edirik".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər