Qərb ölkələri Ukrayna paytaxtında təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbilə, diplomatik nümayəndəliklərini Kiyevdən Lvova və ya şərqi Polşaya köçürməyi düşünürlər.
“AzPolitika” xəbər verir ki, “The Guardian” nəşri öz mənbələrinə istinadla belə bir məlumat yayıb.
Rəsmi olaraq, Qərb diplomatları Moskvaya təbliğat üçün bəhanə verməmək və Ukraynanı tərk etdikləri təəssüratı yaratmamaq üçün Kiyevdə qalmaq niyyətlərini bəyan edirlər. Lakin qeyd olunur ki, şəxsi söhbətlərdə xarici səfirliklərin iki yüksək vəzifəli nümayəndəsi təcili təxliyə planlarının hazırlanmasını təsdiqləyiblər.
Rusiyanın Ukraynanın enerji sektoruna kütləvi hücum planları barədə məlumatlar xarici nümayəndəliklərdə narahatlıq doğurub. Ukraynanın Energetika naziri Denis Şmıqal avropalı həmkarlarını Rusiyanın 1000-ə qədər raket, dron və idarə olunan bomba istifadə etmək təhlükəsi ilə bağlı xəbərdar edib. Qeyd olunur ki, hücum halında istilik elektrik stansiyaları, su elektrik stansiyaları, yarımstansiyalar və qazanxanalar hədəfə alına bilər.
"Rusiya Kiyevi dondurmağı, onu Daş dövrünə qaytarmağı planlaşdırır", - deyə adının çəkilməsini istəməyən yüksək vəzifəli Qərb diplomatı bildirib və əlavə edib ki, təhlükəsizlik vəziyyəti sürətlə pisləşir.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi diplomatların mümkün köçürülməsi ilə bağlı mediada yayılan məlumatlara cavab verib: "Bəzi xarici nəşrlərin bu məlumatı haradan əldə etdiyini bilmirəm. İndiyə qədər Xarici İşlər Nazirliyində xarici diplomatik nümayəndəliklərdən köçürülmə planları ilə bağlı heç bir sorğu və ya mesaj almamışıq".
“AzPolitika.info”


Şərhlər