Menu

İki qardaşın yarım milyardlıq anlaşması – Erməni revanşistlərə “soyuq duş”

07.10.2026, 12:54
İki qardaşın yarım milyardlıq anlaşması – Erməni revanşistlərə “soyuq duş”

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin qabaqcıl hərbi-sənaye şirkətləri arasında ümumi dəyəri 500 milyon ABŞ dollarını ötən irihəcmli tədarük müqavilələri və anlaşma memorandumları imzalanıb. Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgünün verdiyi məlumata görə, bu tarixi paket iki ölkənin birgə müdafiə, texnoloji və istehsalat imkanlarını yeni səviyyəyə qaldırır.

Baş verənlərdən isə xüsusi narahat olanlardan biri yenə erməni tərəfidir. Ermənistanın “168.am” nəşri yazır: “Türkiyənin qabaqcıl müdafiə şirkətləri ilə imzalanan 500 milyon dollardan artıq dəyərdə yeni müqavilələr müdafiə sənayesi sahəsində əməkdaşlığı, birgə istehsalın təşkilini, texnologiyaların və müdafiə sistemlərinin tədarükünü nəzərdə tutur və Azərbaycan ordusunun zərbə imkanlarının, hava hədəflərinin aşkarlanması və radioelektron mübarizə qabiliyyətlərinin genişləndirilməsinə imkan yaradır".

Nəşr daha sonra qeyd edir ki, BAYKAR ayrıca müqavilə əsasında Azərbaycana radioelektron mübarizə və radiotexniki kəşfiyyat hava sistemləri ailəsinə aid “Antidot” sistemini də tədarük edəcək. Həmçinin, Azərbaycanın öz arsenalındakı sovet istehsalı Su-25 hücum təyyarələrini də məhz Türkiyənin TUSAŞ şirkətinin iştirakı ilə modernləşdirdiyi vurğulanır: “Modernləşdirilmiş “Su-25”lər, yəni “Su-25ML” təyyarələri Türkiyənin SOM ŞAHİN qanadlı raketləri ilə silahlandırılıb. Qeyd edək ki, SOM qanadlı raketi TÜBİTAK SAGE tərəfindən hazırlanıb, seriyalı istehsalına isə ROKETSAN tərəfindən başlanılıb”.

Bakı ilə Ankara arasında getdikcə artan əməkdaşlıq erməni mediasında nədən bunca həyəcanla qarşılanır? Azərbaycanın Türkiyədən aldığı silahlar revanşistlərin dərs çıxarmasına səbəb olacaqmı?

Moskvadan Ankaraya HƏDƏ kimi ismarış – Türkiyənin CAVABI

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, erməni mediasındakı narahatlığın əsas səbəbi yalnız silahların sayının artması deyil, Azərbaycan-Türkiyə müdafiə əməkdaşlığının artıq sadəcə silah tədarükündən çıxaraq birgə istehsal, texnologiya transferi və hərbi imkanların inteqrasiyası mərhələsinə keçməsidir: “500 milyon dollardan artıq yeni müqavilələr bu baxımdan ciddi siqnaldır. Xüsusilə pilotsuz sistemlər, radioelektron mübarizə, radiotexniki kəşfiyyat, hava hücumundan müdafiə və aviasiyanın modernləşdirilməsi kimi istiqamətlər Azərbaycan ordusunun döyüş qabiliyyətinin müxtəlif komponentlərini paralel şəkildə gücləndirir. Bu isə nə zamansa mümkün münaqişədə yalnız zərbə imkanlarının deyil, döyüş meydanında məlumat üstünlüyünün və elektron üstünlüyün də Azərbaycanın xeyrinə dəyişməsi deməkdir.

Erməni mediasının “Antidot”, modernləşdirilmiş “Su-25”lər və SOM raketləri kimi sistemlərə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Çünki Ermənistan üçün əsas narahatlıq Azərbaycanın ayrı-ayrı silah sistemləri əldə etməsi yox, Türkiyənin müdafiə sənayesi ilə uzunmüddətli və sistemli əməkdaşlıq nəticəsində öz hərbi arsenalını davamlı şəkildə yeniləyə bilməsidir”.

Ekspert qeyd edib ki, revanşist qüvvələrin bundan dərs çıxarıb-çıxarmayacağı isə siyasi iradədən asılıdır: “Azərbaycan 2020-ci ildən sonra hərbi üstünlüyünü yalnız qələbə ilə deyil, müdafiə sənayesinin modernləşdirilməsi ilə də möhkəmləndirir. Ankara ilə əməkdaşlığın dərinləşməsi göstərir ki, Bakı gələcək təhlükəsizlik modelini köhnə silahların saxlanılması üzərində deyil, müasir texnologiyalar, yerli istehsal və müttəfiqlərlə inteqrasiya üzərində qurur. Burada Ermənistana ən mühüm mesaj ondan ibarətdir ki, yeni müharibə və ya revanş cəhdi əvvəlki şərtlərlə baş verməyəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol