Menu

Rusiyalıların arzusu - Müharibə istəyən varmı?

07.10.2026, 12:35
Rusiyalıların arzusu - Müharibə istəyən varmı?

Rusların təxminən üçdə biri (30%) Ukraynadakı tammiqyaslı müharibə fonunda sülh, əmin-amanlıq və təhlükəsiz həyat arzulayır. 

“AzPolitika” xəbər verir ki, Kremlə yaxın Ümumrusiya İctimai Rəy Araşdırmaları Mərkəzinin (VTsIOM) son sorğusunun nəticələri bunu deməyə əsas verir. Sorğu göstərir ki, hazırda rusiyalıların ən böyük arzusu müharibənin bitməsi və normal həyata qayıdışdır.

Respondentlərin hər beşindən biri (20%) maddi rifah və özünü təmin etmək arzusunda olduqlarını bildirib: ev və ya mənzil almaq, səyahət etmək, layiqli pensiya və sair.

Respondentlərin 8%-i şəxsi və ailə rifahını önə çəkiblər. Rusiyalıların cəmi 2%-i isə bütünlükdə Rusiyanın rifahı arzusunda olduqlarını bildiriblər. Cavab verənlərin 18%-i digər müxtəlif arzular səsləndirdikləri halda, 12%-i cavab verməkdə çətinlik çəkib. Hər on nəfərdən biri (10%) isə ümumiyyətlə, heç bir arzusunun olmadığını qeyd edib.

Eyni zamanda, rusların təxminən yarısı (45%) arzularının gerçəkləşməsinin onlardan deyil, şəraitdən asılı olduğuna inanır. Respondentlərin 41 faizi isə əks fikirdədir.

VTsIOM elmi şurasının sədri Stepan Lvovun fikrincə, aparılan sorğu göstərir ki, rusların arzuları kollektiv olaraq müəyyənlik və proqnozlaşdırıla bilənlik ehtiyacının ifadəsinə çevrilir. Onun sözlərinə görə, müxtəlif səviyyələrdəki hakimiyyət orqanları hazırda rusları "qələbəyə doğru gedirik" şüarına və müharibənin tezliklə bitəcəyinə inandırmağa çalışırlar, lakin vətəndaşlar buna inanmaya və qəbul etməyə bilərlər…

O qeyd edib ki, normal həyat hissini bərpa etmək arzusu ən vacib şərtə çevrilir: dinc yaşamaq, planlaşdırmaq, ev sahibi olmaq, özünü təhlükəsiz hiss etmək.

Buna baxmayaraq, hələlik Rusiya rəhbərliyi Ukrayna ilə danışıqlardan imtina edir və müharibəyə son qoymaq üçün bütün Donbası Rusiyanın nəzarətinə keçirməkdə israr edir.

Eyni zamanda, Rusiya hakimiyyəti 2027-ci il üçün hərbi büdcəni artırıb. Ümumi xərclərin 35%-i orduya və silah tədarükünə yönəldilib. Bu, Sovet İttifaqının dağılmadan əvvəlki son illərdə xərclədiyindən daha çoxdur. Ümumilikdə müharibəyə 17,147 trilyon rubl(200 milyard dollar) və ya bu ilki ilə nisbətdə təxminən 30 faiz çox pul xərclənəcək.

Dövlət Dumasında isə bəyan edilib ki, NATO ilə mümkün qarşıdurmaya hazırlaşmaq üçün "SVO"-nu 2030-cu ilə qədər tamamlamaq lazımdır. Yəni, Ukrayna ilə savaş bitsə belə, ardınca NATO ilə savaşa girişmək perspektivi var. Ona görə də rusiyalıların sülh və sabitlik arzusunun gerçəkləşməsi ehtimalı o qədər də yüksək deyil…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol