Ukrayna dronlarının Rusiya ərazisinə kütləvi hücumları nəticəsində Riazan vilayətində yerləşən "Yandeks" məlumat mərkəzi və Başqırdıstandakı "Qazprom neftexim Salavat" neft emalı zavodu hədəfə alınıb. Hadisə fonunda Rusiyanın bir sıra rəqəmsal xidmətlərində və internet resurslarında ciddi nasazlıqlar yaranıb.
Ukrayna monitorinq kanalları olan "Exilenova+" və "Supernova+"-ın məlumatına görə, gecə saatlarında Rusiya regionlarına dron hücumları həyata keçirilib. Hücumlar nəticəsində mühüm sənaye və rəqəmsal infrastruktura ciddi ziyan dəyib.
Riazan vilayətinin Sasovo şəhərində Rusiya hərbi-sənaye kompleksi üçün əhəmiyyətli olan "Sasta" dəzgahqayırma zavodunun ərazisində güclü yanğın baş verib. Həmin ərazidə həmçinin "Yandeks" şirkətinin iri məlumat mərkəzi ("Yandex DC Sasovo") yerləşir.
İlkin olaraq şirkət "Yandex Cloud" bulud platformasının ayrı-ayrı zonalarında elektrik enerjisinin verilişində fasilələr yarandığını bildirib. Daha sonra şirkət Sasovodakı mərkəzdə infrastrukturun bir hissəsinə ziyan dəydiyini təsdiqləyib.
Hücum və enerji kəsintisi fonunda "Yandeks" xidmətləri ilə yanaşı, Rusiyanın digər internet resurslarında – o cümlədən "Postmypost" avtopostinq platformasında və "Komsomolskaya pravda" nəşrinin regional versiyasında da işlərin pozulduğu qeydə alınıb.
Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşən Başqırdıstanın Sterlitamak və Salavat şəhərlərində də güclü partlayışlar və yanğın baş verib. Yanğın birbaşa Rusiyanın ən böyük neft emalı və neft-kimya komplekslərindən biri olan "Qazprom neftexim Salavat" zavodunun ərazisində baş verib. Qeyd olunur ki, bu strateji müəssisə əvvəllər də bir neçə dəfə dron hücumlarına məruz qalmış və istehsal prosesi dayandırılmışdı.
Rusiya tərəfi dəniz akvatoriyaları və müxtəlif vilayətlər üzrə kütləvi hücumların qeydə alındığını bildirib. Rusiya MN-in məlumatına görə, hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Lipetsk, Oryol, Orenburq, Penza, Rostov, Riazan, Samara, Saratov, Smolensk, Tambov, Tula, Ulyanovsk vilayətləri, Moskva bölgəsi, Başqırdıstan, ilhaq edilmiş Krım, Tatarıstan və Qara dəniz üzərində ümumilikdə 399 ukraynalı dronun zərərsizləşdirildiyini iddia edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər