Menu

ANKARANIN QARA DƏNİZ PLANI... - Türkiyə hərəkətə keçdi

08.10.2026, 16:57
ANKARANIN QARA DƏNİZ PLANI... - Türkiyə hərəkətə keçdi

Qara dənizdə müharibə uzandıqca Türkiyənin təhlükəsizlik narahatlığı da artır. Ankara həm öz sərhədlərinə yaxınlaşan riskləri azaltmağa, həm də regionda sabitliyi qorumağa çalışır. Türkiyəli yüksək səviyyəli rəsmilər də Qara dənizdə müharibənin təhlükəsizlik üçün əsas təhdidlərdən biri olduğunu etiraf edirlər. 

Belə olan halda Ankara təhdidləri özündən uzaqlaşdırmaq üçün hansı addımları ata bilər? Ümumiyyətlə, Ankara Rusiya-Ukrayna müharibəsində vasitəçilik səylərini gücləndirə və Qara dənizdə yeni təhlükəsizlik mexanizminin formalaşmasına təsir göstərə bilərmi?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki,  Türkiyənin Qara dənizdəki təhlükəsizlik təhdidlərinə xüsusi həssaslıq göstərməsi təsadüfi deyil: "Rusiya-Ukrayna müharibəsi artıq yalnız iki dövlət arasında hərbi qarşıdurma olmaqdan çıxaraq bütün Qara dəniz hövzəsinin təhlükəsizliyinə təsir göstərən ciddi regional problemə çevrilib. Xüsusilə, dəniz minaları, pilotsuz dəniz aparatlarının hücumları, ticarət gəmilərinin təhlükəsizliyi və enerji daşımalarının fasiləsizliyi Ankara üçün mühüm narahatlıq mənbələridir. Türkiyə bu təhdidləri minimuma endirmək üçün ilk növbədə sahil mühafizəsini, dənizdə müşahidə və erkən xəbərdarlıq imkanlarını gücləndirə, Rumıniya və Bolqarıstanla mina əleyhinə əməkdaşlığı genişləndirə bilər. Digər mühüm məsələ Montrö Konvensiyasının müddəalarının qorunmasıdır. Ankara hərbi gəmilərin boğazlardan keçidinə tətbiq edilən məhdudiyyətlər vasitəsilə müharibənin Qara dənizdə daha geniş hərbi qarşıdurmaya çevrilməsi riskini azaltmağa çalışır. Türkiyənin əsas marağı NATO üzvü kimi təhlükəsizlik öhdəliklərini yerinə yetirməklə yanaşı, Rusiya ilə birbaşa hərbi qarşıdurmadan yayınmaq və Qara dənizdə qüvvələr balansının kəskin şəkildə dəyişməsinə imkan verməməkdir.

Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçilik səylərini gücləndirməsi də real perspektivdir. Ankara həm Moskva, həm də Kiyevlə dialoq kanallarını qoruyub saxlayan azsaylı NATO paytaxtlarından biridir və bu üstünlük ona tərəflər arasında danışıqların təşkili, əsir mübadiləsi, humanitar məsələlər və dənizdə təhlükəsizliyin təmin edilməsi istiqamətində təşəbbüslər irəli sürmək imkanı verir".  


Politoloqun sözlərinə görə, Türkiyənin vasitəçiliyi təkbaşına müharibənin dayandırılmasına zəmanət vermir:  "Bunun üçün Rusiya və Ukraynanın siyasi iradəsi də vacibdir. Qara dənizdə yeni təhlükəsizlik mexanizminin formalaşdırılması baxımından isə Ankara artıq müəyyən institusional təmələ malikdir. Türkiyə, Rumıniya və Bolqarıstanın yaratdığı birgə mina əleyhinə fəaliyyət qrupunun səlahiyyətləri 2026-cı ilin iyulunda sualtı kritik infrastrukturun mühafizəsini də əhatə edəcək şəkildə genişləndirilib. Gələcəkdə bu formatın dənizdə insidentlərin qarşısının alınması, məlumat mübadiləsi və ticarət marşrutlarının qorunması istiqamətində inkişaf etdirilməsi mümkündür. Beləliklə, Türkiyə həm diplomatik vasitəçi, həm də regional təhlükəsizlik təşəbbüslərinin əlaqələndiricisi kimi Qara dənizdə müharibədən sonrakı təhlükəsizlik arxitekturasının formalaşmasına təsir göstərə bilər".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol